Neft buruqlarını söküb, yerinə göbələk əkdilər – Bakıda şok olay - FOTOLAR

Xəzər rayonu, Zirə qəsəbəsinin sakinləri ciddi problemlərlə üzləşib. Bir qrup sakin AzNews.az-a bildirib ki, qəsəbədə yaşayan Firudin Pənahlı və qardaşları onlara sözün əsl mənasında işgəncə verir.
Sakinlərin sözlərinə görə, kəndin düz mərkəzində göbələk əkdirən Pənahlı qardaşlarının bu təsərrüfat sahəsinə gətirilən peyin və digər gübrə məqsədli tullantıların iyi-qoxusu sakinləri bezdirib. Sakinlər deyir ki, iyi-qoxudan kənddə nəinki yaşamaq, heç kənd ərazisindən keçmək belə olmur.

Sakinlərin sözlərinə görə, qardaşların etdiyi zülmlər bununla bitmir. Onlar kənd torpaqlarının əsas hissələrini zəbt ediblər. Bundan əlavə, kənd sakinləri öz torpaqlarını satmaq istədikdə bu şəxslər müəyyən yollarla onlara maneçilik törədirlər. Burada əsas məqsəd isə həmin torpaqları bazar qiymətindən dəfələrlə ucuz almaqdır.
Məlumata görə, qardaşlar kəndin dənizkənarı torpaqlarının da demək olar ki, hamısını mənimsəyiblər və orada "Qaya" adlı restoran tikiblər və müəyyən bitkilər, xüsusən də göbələk plantasiyası salıblar.

Sakinlər deyir ki, Pənahlı qardaşları hətta kəndin kənarındakı neft buruqları olan ərazini də mənimsəyib, oranın da bir hissəsini əkin sahəsi ediblər , bir hissəsini isə saxta sənədlərlə satıblar.
Pənahlı qardaşları zəbt elədikləri neft ərazisindəki buruqlara da özünəməxsus tərzdə əncam çəkiblər. Onlar buruqları sökərək, ərazini əkin üçün yararlı olan torpaqla doldurublar (Sonda təqdim etdiyimiz foto buruqların söküldüyü yerindir).

Sakinlər əlavə ediblər ki, Pənahlı qardaşlarının kənddə hegemonluq etmələri, min oyundan çıxmaları ilə bağlı şikayət etmədikləri ünvan qalmayıb. Amma hələlik heç bir nəticə yoxdur.

Görünür, aidiyyəti qurumların şikayətlərə baxmalarına da "peyin iyi" maneə olur.

AzNews.az
image description image description image description image description