Oruc olanda ən çox bu səhvləri edirik

Ramazan ayında yol verməməli olduğumuz hərəkətlər barədə ilginc siyahı
Son bir neçə ildə olduğu kimi, bu il də orucluq yay fəslinə, ilin ən isti dönəminə təsadüf edir. Bu səbəbdən də inanclı kəsim oruc zamanı daha diqqətli olmalıdır. Türkiyənin Habertürk.com saytı oruclu olanda insanların yol verdiyi səhvlər barədə maraqlı bir yazı hazırlayıb. Mütəxəssislərin rəyi əsasında hazırlanan məqalədə qeyd olunub ki, Ramazan ayında etdiyimiz səhv hərəkətlər, imtina edə bilmədiyimiz vərdişlər sağlamlığımızı təhlükə altında alır.


Həkimlər bildirir ki, oruc zamanı insan bədəni daha az enerji xərclədiyi üçün metabolizmin sürəti də aşağı düşür. Əgər insanlar düzgün qaydada oruc tutarsa – ölçülü, qədərində qidalanmağa davam edərsə, kökəlmək yerinə əlavə çəkidən də qurtula bilərlər. Amma insan bədəni aclıq müddətinə görə proqramlandığı üçün iftar və sahurda ölçüsüz qidalanma çəki artımına təsir göstərir.

İfratla sahur arasında az, amma tez-tez yemək yemə prinsipinə riayət etmək lazımdır. Sahur və iftar zamanı iki dəfə əsas yemək, iftardan sonra isə 1-1.5 saat fasilə ilə maksimum 2 dəfə yemək yeyilməlidir. Bundan başqa, mütəxəssislər deyir ki, ramazan ayının ideal qidalanma qaydasına sahura xüsusi önəm verib, iftarı iki hissəyə bölmək aiddir. Bu, insanın səhhəti baxımdan da yararlı sayılır. Orucun su və xurma ilə açılması, şorba içəndən sonra 10-15 dəqiqə fasilə verilib, əsas yeməyi bu müddətdən sonra yemək də faydalı məsləhətlərdən sayılır. İftardan sonra 1-2 saatlıq fasilələrlə meyvə, südlü şirniyyat, süd kimi 2 və 3 ya dəfə ara qidalanma vacibdir.

Bu isti yay günlərində insanların hərarətini azaldacaq qida və içkilər isə aşağıdakılardır: su, ayran, qazlı su, qarpız, kompot, bitki çayları.



Keçək əsas səhvlərə. Mütəxəssislər müəyyənləşdirib ki, bunlardan birincisi iftardan sonra idman meydançasında idman etməkdir. Bol ramazan süfrəsindən sonra doyan insanın idman etməsi infarkt, ritm pozuqluqları və ya huşunu itirmə kimi mənfi nəticələrə səbəb ola bilir. Ürək xəstələri üçünsə vəziyyət daha da acınacaqlıdır. Çünki ürək damarları tıxalı olan bir adamda, ürəyə gedən qan miqdarı onsuz da az olur. Yeməkdən sonra qanın bir miqdarı həzm sisteminə doğru yer dəyişdirəcəyi üçün bu miqdar daha da azalır. Buna əlavə olaraq ürəyin qan ehtiyacını qat-qat artıran futbol kimi ağır idmanlar edilsə, sinə ağrısı, nəfəs darlığı və ritm pozuqluqları da yaranar. Bu kimi hallar insanın öz həyatını itirməsinə də səbəb ola bilər.



Həddən artıq çox qidalanma da edilən səhvlərdən ikincisidir. Hədsiz yemək nəticəsində qan həzm sisteminə hücum edir. Bu da ürəyə və beyinə gedən qanın nisbətən azalmasına, bunun nəticəsində də sinə ağrısına, hətta bayılmalara yol aça bilir.

Oruc açarkən su yerinə qazlı, duzlu və ya şəkərli içki içmək insanların etdiyi üçüncü əsas səhvdir. Bir çox adama elə gəlir ki, susuzluğu ən yaxşı qazlı içkilərlə yatızdırmaq olur. Amma mütəxəssislər deyir ki, iftarda yeməyə başlamazdan əvvəl 1 və ya 2 stəkan su içmək lazımdır. Bütün gün itirilən mayenin yerinə qoyulması və doyma hissini meydana gəlməsi baxımından bu çox əhəmiyyətlidir.



Qazlı içkilər isə diafraqmanın ürəyə basqı etməsinə, bunun nəticəsində də ritm pozuqluqlarına və nəfəs darlığına səbəb ola bilir. Duzlu içkilər də qan təzyiqində yüksəlmələrə yol aça bilir. Şəkərli içkilər isə qan şəkərində oynamalara səbəb olub, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

İftar süfrəsində mütləq şorba, tərəvəz və zeytun yağlı yeməklər olmalıdır.
Daha bir stereotip isə ramazan ayında daha çox ət və xəmir yeməkləri ilə bəslənmənin orqanizmə guya müsbət təsir etməsidir. Halbuki bütün gün istirahət edən həzm sistemini birdən yükləmək həm maddələr mübadiləsini pozur, həm də qan dövranına mənfi təsir edir. Bu da qan təzyiqi dəyişikliklərinə bağlı arzuedilməz, kəskin ürək ağrıları ilə müşayiət olunur. Bu səbəbdən həzmi nisbətən daha asan olan tərəvəz növü qidaları, xüsusilə qırmızı ət və xəmir qidalar tərcih edilməlidir.



İnsanların iftar zamanı yol verdikləri daha bir səhv isə əsas yeməkdən sonra şirniyyata, xüsusən də xəmirli şirniyyata üstünlük vermələridir. Bundan başqa, iftar süfrəsində kolbasa, sosiska və basdırma kimi məhsulları qəbul etmək, gərəksiz yerə duz istehlak etmək xüsusilə hiper təzyiq və ürək çatmazlığı xəstələrini mənfi təsir edir. Yenə şəkərli və xəmirlə zəngin qidalar qəbul etmək xüsusilə diabet xəstəliyi olanlarda şəkər koması kimi arzuedilməz hallar meydana gələ bilər.



Və son yanlış. İnsanlara elə gəlir ki, iftar süfrəsində uzun müddət oturub söhbət etmək çox gözəl ənənədir. Təbii, söhbətin şirinliyi öz yerində, amma orqanizm bundan ancaq ziyan çəkir. Çünki süfrədə nə qədər uzun müddət oturulursa yenilən qida miqdarı da buna paralel olaraq o qədər artır. Bu vəziyyətdə artıqdan alınan duz və kalorilər, ürək - damar sağlamlığını mənfi təsir edir.

Müsavat.com