- Köhnə - Maraqlı
- 19 Oktyabr 2015 11:06
- 28 664
“Əsgər meyitlərindən səngər düzəltmişəm” – Heydər Əliyevin mayor etdiyi döyüşçü
1998-ci ildə mərhum prezident Heydər Əliyevin hərbçiləri mükafatlandırdığı mərasimdə maraqlı olay yaşanmışdı.
Uzun döyüş yolu keçmiş bir baş leytenant kövrək çıxış etmişdi və buna görə də prezident ona elə oradaca mayor rütbəsi verdiyini elan etmişdiBu hadisənin üstündən 17 il keçir. "Qafqazinfo" saytı həmin mayoru tapıb, bəzi suallara cavab alıb.
AzNews.az həmin materialı təqdim edir:
Səhv etmirəmsə Heydər Əliyevin doğum günü ilə bağlı fərqli bir şey vermək üçün "Qafqazinfo"nun baş redaktoru Elnur Məmmədli ilə internetdə axtarış aparırdıq. Qarşımıza bu video çıxdı. Baxdıq, təsirləndik və bu videonu "Heydər Əliyevin 3 dəqiqəyə mayor elədiyi baş leytenant" başlığı ilə təqdim elədik. Yadımdadır ki, o vaxt bu materiala görə redaksiyaya çoxlu zənglər gəldi, insanlar təsirlənir, kövrəlir və 3 dəqiqə içində bir zabitin haqqının qaytarılması ilə bağlı mənzərəni zövqlə izlədiklərini deyirdilər...
Sonralar bu videoya özümdən asılı olmayaraq dəfələrlə baxdım. Bəzən səhər yuxudan oyananda əlimi telefonuma atır və "YouTube"a daxil olaraq həmin baş leytenantın kövrək çıxışını dönə-dönə izləyirdim. İçimdə bir hıçqırtı, hönkürtü baş verirdi. Axı niyə?.. Səbəbi bir romandır, mövzudan yayınmayaq... Bu günlərdə ona növbəti dəfə baxanda içimdən "görəsən bu zabit hardadır?" sualı keçdi. Apardığım araşdırma o qədər qısa çəkdi ki, zabitin yerini, yurdunu öyrəndim, hətta ona zəng edib telefonla da danışdım. Görüşmək istədiyimi dedim. Gəl dedi.
Heydər Əliyevin 3 dəqiqəyə mayor elədiyi o baş leytenantla bağlı hadisədən düz 17 il keçib, ancaq o hələ də mayordur... Bu 17 ildə onu mayordan polkovnik-leytenanta qaldırmaq üçün görünür yenə də Heydər Əliyevə ehtiyac var imiş...
Mayor Arif Məmmədov ailəsi ilə Lənkəranda yaşayır. Lənkəran Dövlət Universitetinin hərbi kafedrasında müəllim işləyir. Artıq onun nə az, nə çox 62 yaşı var. Elə məni ilk təəccübləndirən də onun yaşı olur. Yaddaşımda hərbi paltarda arıq bir oğlan var idi axı. Görüşüb evinə gedirik. Mayorun üzündəki çaş-baş ifadələrdən bu sualları oxuyuram. Görəsən, bunları kim göndərib, haradan çıxdı bunlar? Hər şeyi olduğu kimi danışıram. Və mayor söhbətə başlayır. O qədər rabitəsiz danışır ki, eyni vaxtda on hekayəyə başlayıb hamısını da yarımçıq qoyur. Tez-tez bizdən hansı hekayətdə, harda qaldığını öyrənib davam edir: "Atam 41-ci ildə müharibəyə gedib 46 da qayıdıb... Mənə "cənubun Səfər Əbiyevi" deyirlər... Mən həmişə iki nəfərlə güləşmişəm. Bir nəfər mənə heç vaxt bəs eləməyib. Uşaq vaxtı Şuşada pioner düşərgəsinə getmişdim. Sonra orda döyüşəsi oldum. 73-dən xidmətdəyəm. Daşaltı əməliyyatında əsgərə itburnu yedirdib özüm kol-kosla qidalanmışam. Heydər Əliyev rəhmətə gedən kimi Səfər Əbiyev məni "uvolit" elədi. Gəldim Lənkərana və məni indiki işimlə təmin elədilər. Başladım müəllim kimi işləməyə. Azərbaycanda rüşvətsiz iş yoxdur. Mən isə heç vaxt rüşvət verməmişəm. İndi də 840 manat təqaüd alıram, 270 manat da maaş".

"Əlimdə bir aftafam var idi, onu Laçından üzü belə özümlə gəzdirmişəm. Əsgər meyitlərindən səngər düzəltmişəm. Erməni zabiti əsgərimi vurdu, onu parçalayıb ürəyini çıxartdım. Avtomatla torpaga tikdim onu. O əsgərim "komandir, su" deyə-deyə qucağımda keçindi. Əvvəl mən gizir idim. General Aydərmirov mənə leytenant rütbəsi verdi. Kərəm Vəliyev (Müdafiə nazirinin müavini, general leytenant ), Rövşən Əkbərovlə (General-leytenant "Şəmkir" korpusunun komandiri) bir yerdə xidmət etmişəm. Qarabağın hər qarışında döyüşmüşəm. Biri mənə dedi ki, 30 min rubl ver sənin "zvanyan" gəlib. Dedim adə, mən qanımı verirəm, rütbəyə pul vermərəm. Müharibənin sonuncu gününə kimi səngərdə olmuşam. 94-cü il mayın 12-də Ağdabanda səngər qazdım. Elə orada da atəşkəs elan edildi. Yəni mənim qazdığım səngər sonuncu duruş yerim olub. Adımı televizorda elan edəndə məndən qabaqkı və sonrakı şəxsin ölümündən sonra mükafatlandırıldığını demişdilər. Evdəkilər də elə bilmişdi ki, mənə də ölümündən sonra mükafatı veriblər. Dəfələrlə ölmüş adamam mən. Məni qoruyan əsgərlə Allah olub. Əsgərlərimin demək olar ki, bir neçəsi sağ qalıb. Döyüş yoldaşlarımı tez-tez xatırlayıram. Elə oğlanlar ayağını, əlini itirdilər... Bir dəfə qızım çörək almağa gedəndə verməyiblər. Deyiblər, pulunuz yoxdur. Bunu mənə telefonda dedilər. Vətəni atıb evə gəlmədim, Şəmistan Əlizamanlıya zəng elədim. O da nazirlikdə kəməsə dedi. Məni bir neçə günlük evə buraxdılar".
Bu yerdə komandir göz yaşlarını saxlaya bilmir. Elə ağlayır ki, mikro infarkt keçirən adam kimi silkələnirəm. Yaranan fasilədən istifadə edib Heydər Əliyevlə o görüşü xatırlayıram. "Azərbaycan bayrağı" ordeni ilə təltif olunarkən çıxış üçün Heydər Əliyevdən icazə istədiyini, lakin sözünün məhz Heydər Əliyev tərəfindən kəsildiyini onun yadına salıram. Həmin vaxt prezident onu danışmağa qoymamış və "yoldaş baş leytenant mən sənə mayor rütbəsi verirəm. Səfər Əbiyev, bu gün mayoru bu oğlanın çiyinlərinə taxırsan əmrini verməsini bir daha xatırlayırıq".
- Həmin vaxt nə demək istəyirdiz ki, Heydər Əliyev sizi danışmağa qoymadı?
- Ümummilliderimiz dünyanın nadir siyasətçilərindən idi. O, istəmədi mən görüşdə həmin şeyləri danışım. Mən deyirdim ki, Seyidsulan kəndində erməni ilə üz-üzə çıxdım. Onlar məni tanıyırdılar, başıma pul qoymuşdular, neçə il idi üz-üzə döyüşürdük. Mənə dedi ki, sən "zampatıl"san hələ... Dedim ki, ay dığa, mən anam Azərbaycanın Fələstinə çevrilməsinə yol verə bilmərəm. Mən 150 milyonluq rusa qarşı döyüşürəm. Sən kimsən. Biz onda əlimizdəki meyitləri dəyişirdik. Bunları demək istəyirdim. Heydər Əliyev yaxamdan tutub özünə tərəf çəkdi, sinəsinə sıxdı və məni danışmağa qoymadı. Görüşdən sonra Məmməd Beydullayevlə Səfər Əbiyevin yanında məni göstərib hamıya dedi ki, bax bu oğlanın bu torpaqda gəzməyə haqqı var... Mən indi mayor kimi geyinib dərsə gedirəm. Yolda qaşıma çıxan kapitanın duxu nədir mənə hərbi salam verməsin. Müharibədən sonra müəllim kimi işlədiyim dövrdə 50 tələbəm mənə görə orduya yazılıb zabit olub. Onların haqları uğrunda döyüşürəm indi də. Heç kimin əsgərlərimin, tələbələrimin haqqını tapdamasına yol vermərəm. Mən dünyanın ən xoşbəxt adamıyam. Böyük taleyim olub... Hamı mənə deyir ki, mayor, buyur, keç qabağa. Dövlət məni qoruyur və xüsusi xidmətin nəzarətindəyəm. İcra başçısından tutmuş, polis rəisinə, sadə vətəndaşa kimi mən gedəndə hamı ayağa durur, qorxurlar məndən... Haqqı tapdanan olanda yanıma gəlir.