Teatr böyrəyini satmaq istəyən aktyoru cəzalandırdı: “Ucuz sensasiyadır”

Bakı Uşaq Teatrı gənc aktyor Cavanşir Məhərrəmovun böyrəyini satması barədə yayılan xəbərlərə aydınlıq gətirib.


Teatrın direktoru İntiqam Soltan AzNews.az-a açıqlamasında bildiribki, aktyor C.Məhərrəmov bu açıqlamasına görə cəzalandırılıb: "Teatr olaraq ona xəbərdarlıq edildi. Düzdür, onun söz azadlığı və danışmaq hüququ var. Mən ona bir valideyn kimi də xəbərdarlıq etmişəm ki, ucuz sensasiya arxasınca qaşmasın. Bir böyrəyə bir otaqlı ev versəydilər, mən ikisini də satardım ki, iki otaqlısından alam".

İ.Soltan vurğulayıb ki, bu açıqlamaya görə, teatrda C.Məhərrəmovdan çox qazanan aktyor yoxdur: "Teatrda Cavanşirdən çox qazanan, çəkilişlərdə olan aktyor yoxdur. Günahı kimdəsə axtarmasın. Bir azdan məşq olacaq, istəsələr gəlib yoxlaya bilərlər. Aktyorun böyrəkləri yerindədir".

Qeyd edək ki, aktyor Cavanşir Məhərrəmov ölkə.az saytına açıqlama verərək, ehtiyac ucbatından böyrəyinin birini satmaq qərarına gəldiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az