“Elə düşünürsünüz, nazirin vəzifəsi hamıya yaxşılıq etməkdir?” - Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adı son iki gündə mətbuatda hallandırılır. Yayılan xəbərlərə görə, “Şahdağ” Turizm Kompleksinə ailəvi istirahətə gedən nazir oradakı restoranlardan birini bağlatdırmaqla yüzlərlə turistin ora girişinə mane olub.


AzNews.az xəbər verir ki, Ə.Qarayev "Yeni Müsavat"a müsahibəsində məsələyə aydınlıq gətirib. Nazir bunların şayiə olduğunu və belə şayiələrin yayılmasından təəccüblənmədiyini dilə gətirib: Haqqımda çoxlu belə şayiələrin mövcud olması məni təəccübləndirmir. Bir dəfə maşınla Qubaya getmişdim. Xəbər çıxdı ki, guya maşınla inək vurmuşam. Bu da təxminən həmin inək vurma məsələsinə bənzəyir. Çünki bu, yanlış bir məsələdir. Birincisi odur ki, "Şahdağ"da bir neçə restoran var. Onların birində onlarla, yüzlərlə insanı gözlətdirmək olmaz. Ümumiyyətlə, bu sistem mümkün deyil. İkincisi, mən Şahdağa ayda iki-üç dəfə, özü də həftəsonları gedirəm. Nəzarət edirəm, vəziyyətə baxıram. Mən oranın tikintisində yaxından iştirak etmişəm. Cənab prezidentin tapşırığı ilə oranı ərsəyə gətirmişik. "Şahdağ"a indən sonra da getməyə davam edəcəm, bu, mənim vəzifə borcumdur.

Üçüncüsü, mən o restoranda yemək də yeməmişəm. Cəmi bir dəfə, səhər yeməyi zamanı ora düşmüşəm. Səhər yeməyində də restoran bağlatdırmaq ənənəsi nə Azərbaycanda, nə də dünyanın hansısa ölkəsində var. Kimsə məni görüb, bəlkə kimsə salam verib, görməmişəm, xətrinə dəyib. Götürüb bu cür yalan məlumatı yayıb cəmiyyətə. Allah canını sağ eləsin. Mən bu şeylərə tamamilə biganə münasibət bəsləyirəm. Mənə maraqlı deyil. Öz işimlə məşğulam, məni də bundan heç kim yayındıra bilməz. Dövlət adamıyam, heç vaxt özümə rəva bilməmişəm ki, mənəvi cizgilərdən çıxım. İndi bunu kimlər qəbul edirsə etsin, etməyənlərin də Allah canını sağ eləsin. İndi yazırlar da, nə edim? Gedib hamısına bir-bir deyim ki, yazma?"

Nazir bu sayaq xəbərin yayılmasında hansı qüvvələrin dayanması ilə bağlı məsələyə də toxunub: "Ola bilər ki, bunun arxasında məni istəməyənlər, düşmənlərim var. Mümkündür. Elə düşünürsünüz ki, nazirin vəzifəsi hamıya yaxşılıq etməkdən ibarətdir? Kiməsə "yox" deyirsən, kiminsə istədiyini eləmirsən, bununla da düşmənlərin əmələ gəlir. Belə şayiələrin xüsusi olaraq yayılmasını həm də dövlətə, hökumətə qarşı təxribat hesab edirəm. Kim kampaniya başlayıb, niyə başlayıb - bilmirəm".