Afaq Məsudu “topa tutdular” – Tərcümə Mərkəzi iflasa uğrayır?

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılmasından bir neçə il ötməsinə baxmayaraq, gözlənilən nəticə yoxdur. Elə buna görə də şair və yazıçılar, ədəbiyyat adamları mətbuatda, sosial şəbəkələrdə bu qurumu tez-tez tənqid atəşinə tuturlar.

Onlar əsasən mərkəzin fəaliyyətsizliyini, beynəlxalq sərgilərdə və kitab yarmarkalarında zəif iştirakından, görülən işlərinsə sadəcə, plan doldurmağa hesablanmasından şikayətlənirlər.

AzNews.az-ın apardığı sorğuda da yazarlar gözləntilərin özünü doğrultmadığını dilə gətiriblər:


Azad Qaradərəli: "Düzü, Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi izləyə bilməmişəm. Amma az-çox xəbərim var. Çox təəssüf edirəm ki, ora bir yaradıcı təşkilata deyil, məmur idarəsinə döndü. Gürcüstanda gənc yazarların əsərlərini xaricdə təbliğ edirlər, yaxud Türkiyədə yerli yazarları xaricdə tanıtnıtmaq üçün maliyyə ayırırlar. Bizdə isə tərcümə deyəndə kimlərinsə qazanc mənbəyi nəzərdə tutulur. Onların buraxdıqları qəzetdə, jurnal da yalnız plan doldurmağa hesablanıb. Hansısa qeyri-adi bir tərcüməyə, yaxud sistematik işə təəssüf ki, rast gəlməmişəm. Bu tərcümə mərkəzindən çox, tərcümə nazirliyinə oxşayır. Səfirlərin rəsmi qəbulu, işçilərin kütləvi işdən qovulması və s. Təəssüf edirəm".


Əyyub Qiyas: "Tərcümə Mərkəzinə peşəkarlar toplaşıb. Elə güman edirəm ki, onların gördüyü işlər digər diletant işlərlə nisbətdə daha keyfiyyətlidir".


Nadir Qocabəyli: "Hazırda xəstəxanada olduğum üçün hər kəsin, hətta məni özünə düşmən sayanların da duasına ehtiyacım var. Odur ki, Tərcümə Mərkəziylə bağlı fikirlərimi mümkün qədər yumşaq ifadə edirəm. Mərkəzin heç bir fəaliyyətini hiss etmir və görmürəm. Bəlkə də, bunun səbəbi iki il öncə iştirak və kəskin etiraz etdiyim saxta müsabiqədən sonra həmin qurumun fəaliyyətini izləməməyimdir. Ancaq güman edirəm ki, nəsə etsəydilər, diqqətdən kənarda qalmazdı. Çünki hazırda yaşadığımız informasiya bumu şəraitində sevmədiyimiz, xoşlamadığımız insanlar, qruplar, qurumlar hər addımda gözümüzə girir".


Məti Osmanoğlu: "Tərcümə Mərkəzinin rəhbərliyi ilə aramızdakı köhnə münasibətlərə görə bu təşkilat haqqında nə desəm, subyektiv olacaq. Ona görə də subyektiv susmağa üstünlük verirəm".


Cəlil Cavanşir: "Fəaliyyətə başladığı ilk vaxtlarda çox fəal görünən Tərcümə Mərkəzi son vaxtlar demək olar ki, görünmür. Yəni Beynəlxalq sərgilərdə, kitab yarmarkalarında iştirakı, kitab çapı məncə, xeyli zəifləyib. Eyni zamanda keçirdikləri ilk müsabiqədə yaradıcı adamların etimadsızlığı ilə üzləşdilər, ardınca isə ikinci müsabiqəni elan edib keçirə bilmədilər. Mərkəzin qəzeti də uğur qazana bilmədi. Amma "Xəzər" jurnalının və mərkəzin saytlarının işi nisbətən nəzərə çarpır. Konkret olaraq görülən işləri təhlil etmək məncə, çox tezdir. Amma Mərkəzin fəaliyyəti bu şəkildə davam etsə, böyük nəticələr gözləməyə dəyməz. Tərcümə elə sahədir ki, onu inkişaf etdirməyə ciddi maliyyə lazımdır. Bu maliyyə dəstəyi olmasa, dövlət bu sahəyə böyük məbləğlər ayırmasa, inkişafdan danışmaq olmaz. Eyni zamanda ayrılan maliyyəni düzgün bölüşdürməklə, vacib işlərə maliyyə ayırmaqla da keyfiyyət əldə etmək olar. Hər halda Tərcümə Mərkəzinin xariqələr yaratdığını demək olmaz, amma fəaliyyətinə yenidən nəzər salıb, gələcəklə bağlı müəyyən addımlar atacağını gözləmək olar".


Əsəd Qaraqaplan: "Düzü, Tərcümə Mərkəzinin xüsusi bir fəaliyyətlərini görmürəm. Bir-iki kitab çıxartdılar, deyəsən, bir neçə ay qabaq, ondan sonra bir səs duyduğum olmadı. Belə imkanlara sahib olan bir yer gərək gündə bir gözəl iş qoysun ortaya. Çıxardıqları qəzet də tutmadı, məncə. Təəssüf ki, bizdə kimdə nəsə iş görmək imkanları varsa, o, iş görmür, kimsə yoxdursa o görür. Axı niyə işləmirlər? İşləsinlər də, hər şeyləri var..."


Namiq Hüseynli: "Hər şeydən əvvəl onu demək lazımdır ki, bizim milli Tərcümə Mərkəzi sovet modeli əsasında yaradılıb, bu da Avropa Şurası ölkələrinin müəyyən konvensiya əsasında tənzimlənən standartlarına cavab verməməkdədir. Tərcümə Mərkəzi "dövlərlərarası yazışmaları kontrol etmək" kimi absurd bir missiyanı üzərinə götürüb, dünyanın heç yerində belə bir praktika yoxdur. Hər nazirliyin, hər qurumun öz peşəkar tərcüməçisi və ya cavabdeh şəxsi bu vəzifəni yerinə yetirməlidir. Məncə, müəyyən dövrdən sonra, əgər islahat aparılmazsa, Tərcümə Mərkəzinin funksional olmadığı ortaya çıxacaq, ona büdcə ayrılması dayandırılacaq və mərkəz iflas edəcək. Tərcümə Mərkəzinin olması gözəl təşəbbüsdür, amma bu iş peşəkar, modern təfəkkürlü insanlara həvalə olunmalıdır".

Kəramət Böyükçöl