Nəriman Əbdülrəhmanlı Nəriman Əbdülrəhmanlı

80-cilər ədəbi nəslini necə öldürürdülər?

Nəriman Əbdülrəhmanlı


Bir neçə gün əvvəl yazıçı Əlabbas Bağırov Xalq yazıçısı Mövlüd Süleymanlıya qarşı ağır ittihamlar səsləndirmişdi. O, AzNews.az-a müsahibəsində M.Süleymanlını bədxah və 80-ci illərin yazıçılarının başında qoz sındıran adam adlandırmışdı. Xalq yazıçısı isə cavabında sözügedən illərdə yazarlara heç bir maneə yaradılmadığını, dolayısıyla onların yaza bilmədikləri üçün bu tipli bəhanələr uydurduqlarını vurğulamışdı. Tanınmış yazıçı Nəriman Əbdülrəhmanlı mövzunun aktuallığını nəzərə alaraq, "Yalqız" romanından bir parçanı AzNews.az-a göndərib. Romanın təqdim edilən hissəsi 80-ci illər ədəbi nəslinin "öldürülməsinə" həsr olunub. "Yalqız"dan bir hissəni təqdim edirik:

…Qəfildən köşəyazan tanışımla bağlı acığım təzədən dalğa-dalğa qayıtmağa başladı: bir buna bax, mənim başıma ağıl qoyur, guya, bilmirəm, neyləmək lazımdı, daha fikirləşmir, gəlib qəzet-jurnal bolluğuna düşüb, itə daş atırsan, yazıb-pozana dəyir, özləri yalvarırlar ki, yaz.

Biz əlimizə qələm götürəndə bircə yazını çap elətdirənəcən əldən-ayaqdan, üstəlik, ardan-namusdan, kişilikdən düşürdük, həm də arxa-köməyi olmasaydı, adamın qol-qanadını elə sındırırdılar, bir də o tərəflərə hərlənmək istəmirdi: bir balaca istedadı olana düşmən kimi baxırdılar, yazığı bu onun üstünə göndərirdi, o bunun, axırda bezdirirdilər, həmin zavallı da ya başını götürüb gedir, bir də bu tərəflərdə görünmürdü, ya da başqalarının gününə düşüb, nakam dostum demiş, "dedim-dedi" səviyyəsində yazılar yazırdı ki, çap oluna bilsin - beləcə adamın qanadlarını yolurdular, sonra da deyirdilər, uç, həm də hündürdən uç; o vaxt, tələbəlik illərində mən də həvəslə başlamışdım, yazırdım, özümü tərifləmək olmasın, pis də yazmırdım, bir-iki zövqünə inandığım adam oxuyub bəyənirdi, üzə çıxartmağa məsləhət görürdü, sözün düzü, ürək eləmirdim, elə bilirdim, apardığım yerdə yazdığıma gözucu baxıb, xısın-xısın güləcəklər, deyəcəklər, bala, get özünə peşə tap, yazı-pozu sənin işin deyil.

Amma yazdıqlarımı bəyənənlər baş-beynimi o qədər aparırdılar ki, axırda, "ya Allah, səndən mədəd" deyib, baxtımı sınamaq istədim, sandığımdakılardan üçünü seçib, makinada yazdırdım, dönə-dönə oxuyub, ora-burasını düzəltdim, oxuduğum yazılarla müqayisə eləyəndə, utanmalı bir şey tapmadım, nəhayət, qərara gəlib, jurnalda işləyən, yazılarını sevə-sevə oxuduğum, uzaqdan-uzağa özümə dost saydığım kəsin yanına yollandım, gedə-gedə ümidvardım ki, məni görən kimi, iş-gücünü buraxıb, yazılarımı oxuyacaq, sonra da deyəcək ki, yaxşıdı, elə bu nömrədəcə verərik.

Xülasə, getdim redaksiyanı tapdım, qapını döyüb, utana-utana araladım, gördüm, bir nəfərlə şahmat oynayır, tez örtdüm ki, ayıbdı, qoy müəllim oyununu qurtarsın, bir saatacan qapının ağzında var-gəl elədim, sonra bir də qapını aralayıb, başımı içəri saldım, gördüm müəllim hələ şahmatını qurtarmayıb, deyəsən, arada əlli-əlli də vururlar – stolun üstündə yarımçıq konyak şüşəsi, iki xırda stəkan, yarımçıq şokolad qutusu vardı; heç başını qaldırıb, soruşmadı ki, kimsən, dərdin nədi, mən də belə bir vaxtda nəyə görə gəldiyimi deməyə ar elədim, qapını örtüb, yenə xeyli var-gəl elədim, bir istədim, üzüsuluykən çıxıb gedim, yazılarımı da sandığa atım, amma nədənsə dözdüm, arada kimlərsə girib-çıxdı, gəlib-getdi, gördüm bir azdan iş vaxtı qurtaracaq, o da çıxıb gedəcək, dərdimi deyə bilməyəcəm; elə bil, Allah-tala halıma yandı, həmin vaxt içəridəki şaqqıltıdan bildim ki, oyunu qurtarıblar: müəllimin rəqibi qapıdan çıxanda, məni gördü, kimi gözlədyimi soruşdu, görünür, rəhmli adammış, başını içəri salıb, "bu cavan oğlan sənin yanına gəlib, gör nə istəyir", dedi, müəllim də içəridən səsləndi ki, gəlsin görək, nə deyir; özüm yığışdırıb girdim içəri, kim olduğumu, harda təhsil aldığımı, kitablarını oxuduğumu, nə məqsədlə gəldiyimi dedim, yazılarımı müəllimə uzatdım, bu vaxt onun üzünü qatı kədər dalğası qapladı, dedi, vallah, o qədər çox yazı-pozu gətirirlər, bilmirik hansını verək, sonra yazılarımı stolun üstünə atdı, qoy qalsın, oxuyub-baxarıq, dedi, burda, əlbəttə, dil-ağız eləyib, çıxıb getməyimi gözləyirdi, amma mən üzümə üz tutub soruşdum ki, cavabınızı nə vaxt bilmək olar, müəllim də narazı-narazı üzümə baxıb, bir aydan sonra gələrsən, dedi; həmin dəqiqələrdə bu cür qaş-qabaq yiyəsinin o cür yazıları necə qələmə aldığını fikirləşirdim, amma daha dayanmağın, başqa söz deməyin vaxtı deyildi, sağollaşıb çıxdım, həmin gündən, elə bil, bütün həyatım dəyişdi: dəqiqələrin, saatların, günlərin, həftələrin tez ötüb-keçməsini, bir ayın tez tamam olmasını istəyirdim, müəllimin ağzından o şirin "çap olunur" sözünü tez eşitmək, sonra yazılarım çap olunanacan o dadlı intizarı yaşamaq istəyirdim.

O bir ay ərzində tanış-bilişlərə, qohum-qardaşlara utana-utana, çəkinə-çəkinə, amma qürurla yazılarımı jurnala verdiyimi, bir aydan sonra çap olunacağını deyirdim, həvəslənib, iki yazı da yazmışdım ki, birdən müəllim deyər, yenə yazılar gətir, üstəlik, xəyalımda möhtəşəm planlar qururdum, kitabımı buraxdırırdım, ittifaqa üzv olurdum, hər yerdə barmaqla tanınırdım.

Bir ayın tamamında getdim yazılarımdan xəbər bilməyə, yenə müəllim şahmat oynayırdı, yenə stolun üstündə yarımçıq konyak şüşəsi, iki xırda badə, balaca şokolad qutusu vardı, yenə oyun qurtaranacan qapının ağzında gözləməli oldum, yenə müəllimin rəqibi çıxanda, məni gördü, başını içəri salıb, cavan bir oğlanın gözlədiyini dedi, yenə müəllim içəridən dedi, gəlsin görək, nə istəyir, yenə özümü təqdim elədim, harda oxuduğumu, kitablarını sevə-sevə mütaliə elədiyimi, nəyə görə gəldiyimi dedim, müəllim də dediklərimə qulaq asa-asa açıq-aşkar olub-keçəni yadına salmağa çalışdı, sonra qayıtdı ki, yazılarını oxuyub, müavinə vermişəm, yəqin, nömrələrin birinə salar; nə təhər sevindimsə, boğazım tutula-tutula minnətdarlıq elədim, çıxdım çölə, qəfildən ağlıma gəldi ki, o müavin kimdisə, tapım, yazılarımı hansı nömrəyə salacağını öyrənim, bir də boş yerə buralara ayaq döyməyim, sən demə, müavin elə müəllimin rəqibiymiş, mənim sualıma bir az təəccüblə, altdan-altdan qımışıb, baxaq, görək, neyliyirik, dedi, hələ cavan oğlansan, narahat olma, düzələr; əlbəttə, müavinin bu cür sözləri mənim sevincimi azalda bilməzdi, yəqin, yazılarımın çıxmağı uzaqbaşı bir ay çəkərdi: beş nüsxə alaram, birini anama göndərərəm, oxudub, qulaq assın, görsün ki, oğlu o qədər də yelbeyin deyil, birini attestatıma ədəbiyyat yazıdan dörd yapışdıran dil-ədəbiyyat müəllimimə göndərərəm, qoy bilsin ki, nahaq elə elədi, birini professora bağışlaram, mənə böyük ümidi var, özünün ardıcılı sayır, birini xallı qıza verərəm, əslində, həmin yazıların kağıza köçürülməyinin səbəbi odu, birini də özümçün saxlaram.

Gözlə, gözün var olsun, bir nömrə çıxdı, iki nömrə çıxdı, üç nömrə çıxdı, ürəyim əsə-əsə vərəqləyib, yazılarımı tapmadım, dərdimdən halı olanlar dedilər, dünyanın gedişatından xəbərin yoxdu, kənddən necə sadəlövh gəlibsən, eləcə də qalıbsan, səbəbi başqa yerdə axtarma, görünür, özünü yaxşı təqdim eləyə bilməyibsən, demirsən, şokoladla konyak içir, sən də bir konyak, bir qutu şokolad al, apar ver ki, bu yazıların şirinliyidi, gör növbəti nömrədə çıxır, ya yox.

Bunu da elədim, müəllim otağında təkiydi, gətirdiyimi üzəyarı müqavimət göstərə-göstərə aldı, amma eyni sözləri dedi, mən də eləmə tənbəllik, çıxanda müavinin yanına döndüm, dedi, vallah, mənə hələ gəlib çatmayıb, ola bilsin, makinaçıdadı, ya da əməkdaşlardan biri oxuyur, narahat olma, cavan oğlansan, hara tələsirsən, verərlər, çap elərik.

Daha müəllimin yanına qayıdası deyildim ki, çıxıb getdim, iki ay da gözlədim, bu iki ay məndən ötrü cəhənnəm əzabına döndü, az qala yemək-içməkdən də kəsilmişdim, hər dəfə jurnalı alıb, vərəqləyir, yazılarımın izini-tozunu, heç olmasa, bircəciyini görməyib, dilxor olurdum, bilmirdim, müəllim düz deyir, yoxsa müavin.

Bir də ora üz tutası oldum, əliboş getməyi ayıb elədim, yenə bir şüşə konyak, bir qutu şokalad aldım, yenə gözləyib müəllimi otağında tək yaxaladım, yenə zəif müqavimət göstərə-göstərə gətirdiyimi aldı, yenə dedi, yazdıqların müavindədi, bu nömrələrdən birində verər, yenə çıxanda, müavinin yanına döndüm, yenə müavin dedi, yazıların mənə gəlib çatmayıb, cavan oğlansan, hara tələsirsən, yenə iki əzablı ay gəlib keçdi, yenə jurnalın nömrələrini alıb, yazılarımın izini-tozunu tapmadım; qan beynimə vurdu, daha gördüm, bu xına o xınadan deyil, bir gün getdim ki, heç olmasa, aydınlaşdırım, başıbəlalı yazılar kimdədi, çap olunacaq, yoxsa olunmayacaq, bu dəfə nə konyak aldım, nə şokalad, amma gözləyib, müəllimi öz otağında tək tutdum, qırımımdan, deyəsən, vəziyyəti başa düşdü, stul göstərdi ki, əyləş, sonra hal-kefimi xəbər aldı, axırda dedi, beşcə dəqiqə otur, məni redaktor çağırıb, gəlirəm, mən də oturdum, bir az keçmişdi ki, bekarçılıqdan müəllmin stolunun üstündəki jurnalı götürüb, vərəqləmək istədim, amma jurnalın altında öz yazılarımı görəndə, bilmədim güləm, yoxsa ağlayam.

Yazıların heç qatı da açılmamışdı, necə vermişdimsə, eləcə qalmışdı, başa düşdüm ki, bu da onun başdan eləmək üsuludu, heç olmasa, oxuyub desəydi ki, çap eləyə bilmirik, ya zəifdi, bizi təmin eləmir, inciməzdim, amma az qala bir il mənimlə oyun oynamağını sinirə bilməzdim, yazılarımı götürüb, qovluğuma qoydum, durub otaqdan çıxdım; yəqin otağına qayıdıb məni görməyəndə, heç təəccüblənməyəcəkdi, yazılarımı götürdüyümü bilməyəcəkdi, vicdan əzabı-filan keçirməyəcəkdi, çaqqal kimi pusub, növbəti qurbanını gözləyəcəkdi, şokoladla konyakını içib, şahmatını oynayacaqdı, şübhəsiz, özünü kişilərin cərgəsində sayacaqdı, mənsə elə o gün yazdıqlarıma od vurub yandırdım, bir də əlimə qələm alıb, bu cür şeylər yazmayacağıma and içdim.

Sonralar neçə kərə rastlaşdıq, insan olan ağzının qıfılını qırıb, bir söz dedimi, mən də heç yadına salmadım, düzdü, axırda andımı da pozdum, gördüm, daha yazmaya bilmirəm; amma o müəllimin vəzifəsini böyütdülər, əvvəllər mənim kimilərin qanadını yolurdusa, sonralar qanadlar kəsməklə, baş vurmaqla, ev yıxmaqla məşğul oldu, Allah bilir, mən onun siyahısında neçənciyəm, vicdan əzabı-filan qəti vecinə deyil, heç maşallah olmasın, top kimidi, yanağından qan damır.

İndi bu köşəyazan bədbəxt oğlu da deyir, yazmaq lazımdı, elə bilir, bunnan Amerika kəşf eləyir, daha demir, bu cür şeylər başımıza çox gəlib, elə nakam dostumuza o sualı azı əlli kərə verirdilər, cavabında ya ikibaşlı söz deyirdi, ya başlayırdı sual verən kəsi bəzəməyə, ya da susub, dillənmirdi.

Bir dəfə bu sual mənim də ağzımdan çıxdı: onda çayxanada ikimiziydik, hələ curları başına yığışmamışdı, nəsə çox maraqlı bir əhvalat danışırdı, yaxasından yapışdım ki, ə, ay zalım, bunu yaz da, niyə yazmırsan, bu cür şeylərin itib-batması günahdı axı, sonra cəzasını çəkərsən, o yazıq da susdu, boş stəkanı nəlbəkinin içində xeyli oynatdı, başını qaldırıb, üzümə baxanda, gördüm gözlərinin dibi bulanıb, doluxsunub, qayım-qayım qaynayır, indicə göz yaşları üstümə fışqıracaq, səsi titrəyə-titrəyə dedi, ay müəllim, yazaram, e, elə bilirsən, istəmirəm yazmağı, amma qorxuram, istədiyim kimi alınmasın; onda başa düşdüm onu, abırlı adamıdı, sözün qarşısında gücsüzlüyünü boynuna alırdı, bu köşəyazan zavallı bilmir ki, gündə bir hekayə, həftədə bir pyes, ayda bir roman yazanlar sözdən utanıb-çəkinməyən adamlardı, sözə bakirə qız kimi yox, qəhbə arvad kimi baxanlardı, onlardan ötrü gözlərinin qurdunu öldürməyə, bir də şöhrətin meyvəsini dadmağa imkan gərəkdi.

İndi bu qardaşım beşdən-beşdən danışır, daha demir ki, yazmaqdan ötrü maddi cəhətdən də, ruhən də azad, həm də tox olmalısan, ehtiyac hiss eləməməlisən, qəzetçi tanışım demiş, bir itin, bir qəlyanın, meşənin içində bir daxman, hərdən kefin istəyəndə, yanına gələn bir məşuqən olsa, bəsindi, otur, yazını yaz, yoxsa bizim kimi: yüz şeyin dərdini çəkirik, birini yoluna qoya bilmirik…