Əbülfəs Qarayev “şəhid”inə niyə yiyə durmur?

Bahar RÜSTƏMLİ


Anan ölsün, ay gəlin... Necə ki ölüb...

Nə yaxşı ki, Tükəzban İsmayılova həyatda yoxdur. Yaxşı ki, sənin bu gününü görmədi. Görsəydi, dözə bilməzdi. Ana ürəyi həssas olur, deyirlər. Balasının ortalarda qalmasına, mirasının üstündə dava-dalaş getməsinə, evinə, bank hesablarına, milyonlarla brilliantlarına möhür vurulmasına, ən nəhayət, qəbrinin üstünün solğun görünməsinə dözə bilməzdi. Ürəyi partalayıb elə yerindəcə ölərdi...

Böyük nüfuz sahibi, cəmiyyətdə çəkisi olan insanlar da öləndən sonra tez unudulur. 1, 3 və 7 mərasimləri bitdi, vəssalam, unudulurlar... Xalq artisti, Şöhrət ordenli mərhum İlhamə Quliyeva isə sağlığında olduğu kimi öləndən bu günə kimi gündəmdədir. Kimi miras dava-dalaşından, kimi səhnədəki yaradıcılığından, efirdəki çıxışlarından, kimi də qəbirinin üstünün, məzar daşının düzəldilməməsindən danışır.

Bəllidir ki, İlhamə xanımın ortalarda qalan mirasının kimlərə, necə və hansı yolla veriləcəyinə hüquq-mühafizə orqanları qərar verəcək. O ki qaldı, İlhamə xanımın 40 mərasiminə kimi onun qəbrinin üstünün düzəldilməsinə, məncə bunun üstündə dayanmağa dəyər. Amma nə yazıq ki, hələ "İlhamə xanımın qəbrinin üstünü mən düzəldəcəm", yaxud da "məzar daşı üçün xərclənən maliyyə vəsaitini filan təşkilat verəcək" deyən biri ortalarda gözə dəymir.

Hamının gözü qarşısında İlhamə Quliyevanın qəbirüstü məzarının düzəldilməsi üçün sərf olunan maliyyə vəsaitinin kimin tərəfindən veriləcəyi otür-otür oyununa çevrilib. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən verilən açıqlamaya görə, bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırıblar. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq.

Mədəniyyət və Turizm Nazirliyi isə qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmadıqlarını açıqlayıb: "Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbir daşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur".

"Şöhrət" ordenli sənətkarın məzar daşı ilə bağlı "oyun" yadıma onun 25 fevralda Mahnı Teatrında keçirilən vida mərasimini saldı. Cənab nazir Əbülfəs Qarayev mərasim iştirakçılarının gözü qarşısında İlhamə Quliyevanı şəhidlərin siyahısına əlavə etmişdi. İndi isə cənab nazirimiz vida mərasimində kövrəlib ağzından qaçırdığı "şəhid"inə yiyə durmaq istəmir...