“10 DƏQİQƏ BELƏ LƏHCƏSİZ DANIŞA BİLMƏRƏM” “10 DƏQİQƏ BELƏ LƏHCƏSİZ DANIŞA BİLMƏRƏM”

“Özümü gülünc vəziyyətə salaram... Onlar şərəfsizdir” - Aşıq Telliylə MÜSAHİBƏ

“10 DƏQİQƏ BELƏ LƏHCƏSİZ DANIŞA BİLMƏRƏM”


Aşıq Telli Borçalının AzNews.az-a müsahibəsi

- Telli xanım, Azərbaycan Aşıqlar Birliyindən verilən məlumata görə, Zəlimxan Yaqub rəhmətə gedəndən sonra daha birliyə getmirsiniz. Hətta Məhərrəm Qasımlı sədr seçiləndən sonra Aşıqlar Birliyinə üzv də olmamısınız...

- Zəlimxan müəllim öləndən sonra birliyə getməmişəm. Məhərrəm müəllim yeni sədr seçilib. Mənə Gülarə xanım dedi ki, Telli, get qeydiyyatdan keç. Sadəcə vaxtım olmayıb, yəni bir səfərdən gəlib, birinə getmişəm. Vaxt edib hələ də qeydiyyatdan keçə bilməmişəm. Bu, mənim üçün problem deyil, neçə ildir Bakıda yaşayıram. Hamı bilir ki, Telli Borçalı kimdir, necə aşıqdır, harada dünyaya gəlib və s. Mən özümü gizlədən aşıq deyiləm, nəyim varsa üzdədir. Elə insanlar var ki, kameraya işləyə, dona girə bilirlər, amma mən həyatda necəyəmsə, kamera qarşısında da eləyəm. Heç nəyi ətrafımdan və xalqımdan gizlətmirəm. Axı mən niyə qaçmalıyam? Niyə maskalanmalıyam? Mənim bəzi insanlara yazığım gəlir.

- Sizcə tez-tez gündəmə gəlməyiniz nəylə bağlıdır?

- Nə bilim. Bəlkə şirinəm, buna görə gündəmdən düşmürəm?! (gülür) Vallah haqqımda yazılanları oxuyub, dəli oluram, bəzən də gülməyim gəlir. Tellini gör nə qədər sevən var ki, onun gündəmdən düşməsinə razı olmurlar. Yazırlar ki, həbs olunub, polis şöbəsinə aparılıb, ərə gedib... Hamısı da yalan.

- Bəlkə elə düşməniniz aşıqlardandır?

- Bilib və inandığım bir şey var, hər şey yaxın zamanda üzə çıxacaq. Onda bunu edən adam cavab verəcək. Qoy mətbuata informasiya ötürüb yazdırdıqlarını sübut eləsin. Görünən odur ki, kimsə qıraqdan fitva verir. Mən üzümü ona tuturam: "Ay şərəfsiz, mən axı səni tanımıram, bir məclisdə olmamışam, səninlə yol getməmişəm, hansısa bir balaca məclisdə də olsa səninlə rastlaşmamışam. Axı səni tanımıram, nə gündəsən, ay bədbəxt... Get özünə yaxşı-yaxşı bax, sonra başqasının haqqında mətbuata məlumat ötür". Belə insanların kökünü kəsmək lazımdır. Bunlarla xoş danışmaq lazım deyil. Buna görə də qanun qarşısında cavab verməlidirlər. Dünya dərəbəylik deyil.

- Orucluq ayı başa çatıb, sənət adamlarının qızğın iş dövrü başlayır. Dəvətləriniz var?

- Çox olur. Niyə də gizlədək. Amma hələlik yaydır, bir az tədbirlər azalıb. Hazırda istirahətə hazırlaşıram. Amma harada dincələcəyimə qərar verməmişəm.

- Telli xanım, sosial şəbəkələrdən istifadə edirsiniz?

- Ümumiyyətlə, heç bir sosial şəbəkədə yoxam. Nəyinsə istifadəçisi deyiləm. Qoy hamı bilsin, nə instaqramım var, nə də feysbukum. Kimlərsə mənim adımla hesab açır, ola bilsin ki, fanatımdır. Efirlərdən də müraciət etmişəm. Bildirmişəm ki, həmin hesabların mənə heç bir aidiyyəti yoxdur.

- Bu yaxınlarda sosial şəbəkələrdə bir fotonuzu yaymışdılar: "Telli Borçalı, Telsiz Borçalı". Həmin fotunu görmüşdünüz?

- Hə, görmüşdüm. Onlar səviyyəsiz, şərəfsiz adamlardır. Tək mənim deyil, Xalq artistlərinin ünvanlarına nələr deyilmir. Gülyanaq Məmmədovanın həbs olunması xəbəri və başqaları. Təkcə Telli üçün yazılmır, o qədər vəzifəli şəxslər haqqında yazırlar ki...

- Həmkarlarınız və aparıcılar ləhcə ilə danışmağınıza irad tuturlar?

- Mən olduğum kimiyəm, heç nəyimi dəyişmədim, dəyişməyəcəm də. O boyda Alim Qasımov, Elnarə Abdullayeva "qadoyu alım" deyir. Əgər mənim dədəm, nənəm "gələjəm" deyibsə, mən necə "gələcəyəm" dəyə bilərəm?! Bu, mənə yaraşmaz, heç danışa da bilmərəm. 10 dəqiqə belə ləhcəsiz danışa bilmərəm. Hətta öldürsələr də. Əksinə, ləhcəmdən imtina etsəm, özümü gülünc vəziyyətə salaram. Necə varamsa elə də danışacağam.

Bahar RÜSTƏMLİ
AzNews.az