Sənətçilər ATƏT-in Minsk qrupundan danışdılar YENİ LAYİHƏ

AzNews.az yeni layihəsini təqdim edir: “Su Al - Sənətçilərin gözü aydın!”


Layihə - hər həftə bütün sahələri əks etdirən, əsasən aktual mövzularla bağlı sənətçilər arasında keçirilən sorğudan ibarət olacaq.

İlk sorğumuz çox maraqlı mövzu oldu. Söhbət ATƏT-in Minsk qrupundan gedir. Sualımızda sadədir: ATƏT-in Minsk qrupunda hansı ölkələr təmsil olunub? Onların iş fəaliyyəti qaneedicidirmi?

Təbii ki, hər zaman oxumaqdan, ifa etməkdən çox danışan sənətçilərimiz mövzuya biganə qala bilməzdilər. Çünki Qarabağ problemi hər bir Azərbaycan vətəndaşının üzərinə düşən müqəddəs yükdür. Bəs sənətçilərimiz nə deyirlər?


Əməkdar artist Ağacəbrayıl Abbasəliyev: (Fikirləşir) "Rusiya, ABŞ, o biri isə səhv etmirəmsə, Fransa olmalıdır.

Onların iş prinsipləri qətiyyən məni qane etmir. Ona görə ki, onların gördüyü işin bəhrəsi bu günə qədər yoxdur. Gah əvvəl bura gəlirlər, gah İrəvana gedirlər. Bu müddət ərzində və neçə dəfə heyət dəyişilməsinə baxmayaraq, onların məramları, fikirləri, iş prinsipi dəyişməyib. Yəni, Azərbaycanın xeyrinə heç nə etməyiblər. Ermənilər Xankəndi Hava Limanında təyyarəyə ATƏT-in Minsk qrupunun üzvlərini mindirmək istəyirlər ki, sərhədi pozanda bizimkilər təyyarəni vura bilməsinlər".

Xalq artisti Arif Quliyev: "Hansı ölkələr? Mən indi başqa yerdəyəm. Xəstəxanadayam, danışa bilmirəm. Uşağı gətirmişəm. Bir saatdan sonra danışarıq". (əlaqə kəsilir).

Əməkdar artist Baloğlan Əşrəfov: "Rusiyanı, Fransanı bilirəm, səhv etmirəmsə orada İngiltərə də var. Onların iş prinsipi qəti qane etmir. Mənim Qarabağ məsələmi həll edərdilər də...".

Əməkdar artist Ədalət Şükürov: "Vay dədəm, vay! ATƏT-in Minsk qrupunda Azərbaycan, Ukrayna, elə Belarusiya özüdür, Rusiyadır... Özbəkistan, Qazaxıstan var da? Təbii ki, Ermənistandır.

Onlar qərarlar qəbul edirlər. Qərarların qəbul olunması hələ heç nədir. Qərarların işləyirmi?... İşləyir-işləmir? Qarabağla bağlı qərarlar qəbul olunub və mən istəyərdim ki, işləsin. Onlar yığışırlar, bu, əziyyətdir, əlavə xərcdir, amma sonra?... Demək olar ki, nəticəsi yoxdur. Mən bunu Qarabağa görə deyirəm. Əgər qərarlar işləmirsə, onun sanbalı da itir".

Tənqidçi-müğənni Əli Mirəliyev: "Fransa, İngiltərə və Rusiya. Hamısı bizim düşmənlərimizdir. Qətiyyən onların işləri qaneedici deyil. Necə yəni? ATƏT-in Minsk qrupunun üzvləri Xocalıdan təyyarə ilə qalxmaq istəyirlər. Alçaqların bu hərəkəti vətənimə, xalqımın torpağıma qarşı xainliyi məni necə qane edə bilər? Onda, mən azərbaycanlı deyiləm ki? Ümumiyyətlə, yaxın buraxmıram. Onlar İrəvanın, dünya ölkələrinin (hansı ki, bizi təkləyiblər) xeyrinə işləyirlər. Hamısını Azərbaycanda qovmaq lazımdır".

Əməkdar artist Gülyaz Məmmədova: "Siyasətlə maraqlanmıram. Məlumatım yoxdur".

Əməkdar artist Hüsniyyə Mürvətova: (Gülür həmkar dostlarından kömək istəyir) "Fransa, Rusiya, ABŞ. ATƏT-in Minsk qrupunun üzvlərinin işləri məni qane etmir". Səbəbi barədə heç nə demir və ya deyə bilmir.

Musiqili Komediya Teatrının aktyoru Əzizağa Əzizov: "Rusiya, ABŞ və Fransa.

ATƏT-in Minsk qrupunun işi bizi necə qane edə bilər ki, 20 ildir torpaqlarımızı düşmən tapdağı altında qalıb. Mən özüm Qarabağ müharibəsinin veteranıyam. Onlar Azərbaycan üçün nə ediblər ki? Heç nə. Boş-boş gəlib, gediblər. Monitorinq keçirirlər. Monitorinq keçirmək lazım deyil. BMT neçə qətnamə qəbul edib ki, onları həyata keçirmək, tələb etmək lazımdır. Ermənistana bildirmək lazımdır ki, hərbi qoşunlarınızı geriyə çək! Əvvəl 5-6 rayonu, sonra isə qalan rayonları boşaldın. Onlar bunu etmirlər. Sabah prezidentimiz qərar verəcək ki, irəli! İrəlidə olanlardan biri də mən olacağam. Əlimizə avtomat alıb, torpaqlarımız özümüz azad edəcəyik".

Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description image description image description