- Köhnə - Mədəniyyət
- 27 Sentyabr 2017 14:08
- 7 555
Türkiyədə Cahangir Novruzova həsr olunan film təqdim edildi - Foto
.jpg)
Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivalı çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavini Cahangir Novruzov haqqında “2 Dil 1 Harmoni” adlı bioqrafik sənədli filmin təqdimatı olub.
AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Film İdarəsinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.
Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, babası Cahangir Zeynalovdan, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalovadan və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər.
Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub. Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. “2 Dil 1 Harmoni” filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana Film Festivalı oktyabrın 1-də başa çatacaq və festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək.