Aktyorlar Teatr Günündə mətbuata səsləndilər: “Bizi heç kim yada salmadı”

Bu gün Milli Teatr günüdür. Azərbaycanın bütün teatr ocaqlarında bu bayram qeyd edilir.

AzNews.az Milli Teatr Günü ilə bağlı aktyorlar arasında keçirdiyi sorğunu təqdim edir:

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəlimova: “Aktyorlar zəhmətkeşdir, fədakardır. Biz minlərlə insanın həyatını səhnədə canlandırırıq. Öz həyatımız isə yaddan çıxıb. Nə yaxşı ki, milli teatr günü var, bu gün bizim bayramımızdır. Bütün kollektivi təbrik edirəm. Bayaqdan baxıram, bizi heç kim yada salmadı, bir sayt belə bizdən yazmadı, bütün mətbuat teatr bayramını unudub”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik: “Allah özü bu teatrlara kömək olsun. Teatrın vəziyyəti ilə bağlı heç nə deyə bilmərəm. Amma bu gün teatrda tədbir var. Sonra da “Şah Qacar” tamaşası nümayiş olunacaq”.

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı: “Bu ümumxalq bayramıdır, teatrsevərlər var axı. İndicə ürəyimdən bir məqam keçdi - deyirlər biz unutqan xalqıq.... Bəlkə də. Lakin teatra münasibət məsələsində unutqan deyilik. Necə? Məlumdur ki, teatr çox qədimlərdə də vardı. Meydanlarda, bazarlarda, ticarətin qaynar getdiyi, camaatın yığışdığı yerlərdə müxtəlif mövzularda, fəsillərlə əlaqəli tamaşalar göstərilib. Yoldan keçən, maraqlanan baxıb gedib... Burada daha bilet al, təyin olunmuş vaxtda ol, üçüncü zəngdən sonra zala giriş qadağandır və s. söhbətləri olmayıb. Sovet vaxtında da teatrda işləmişəm, tamaşaların təşkili ilə məşğul olmuşam. Həmin vaxtlarda da Həmkarlar İttifaqının marağında idi ki, işçilərin mədəni xidmətinə ayrılan məbləği məhz buna sərf eləsinlər və bu məbləğ başqa məqsədlə xərclənə bilməzdi... İndi isə vəziyyət kökündən dəyişib, maaşını yeməyinə, içməyinə çatdırmağa çalışan insanlar teatr bilet alıb gəlmək fikrindən hələki çox uzaqdırlar. Məncə zaman bu problemi də həll edəcək”.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Fizuli Hüseynov: “Mənə hər gün teatr günüdür. Hamını təbrik edirəm. Teatr günü unudulmasın.”

Qeyd edək ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Ona görə də bu gün Milli Teatr Günü kimi qeyd edilir.

Bahar RÜSTƏMLİ
AzNews.az