“Ərdoğan seçkilərdə bizim layihədəki mahnıdan istifadə etdi” - Rübail Əzimov

Aranjimançı-bəstəkar Rübail Əzimov... Böyük layihələrə imza atan sənətçi bir mahnısı - ”Çırpınırdı qara dəniz”lə bütün türkdilli xalqların dinləyicisinə çevrilib. Hazırda onun bu layihəsi həmin ölkələrin telekanallarında yayımlanır. Bəstəkar deyir ki, kim yaxşı yaşamırsa, günah onun özündədir.

- Rübail müəllim, deyirlər yaradıcı adamların istirahəti olmaz. Siz necə düşünürsünüz?

- Mən studiyada fəaliyyət göstərirəm. Son dövrlərdə üzərində işlədiyim layihələrin sayı artıb. Hazırda yay fəslidir, hamı istirahətdədir. Yay başa çatan kimi qaldığımız yerdən yaradıcılıq işlərinə davam edəcəyik.

- Hansı müğənnilərlə işləyirsiniz?

- Xalq artisti Alim Qasımovla böyük layihəmiz olub. Hansı ki, bu layihə bütün musiqisevərlər tərəfindən bəyənilib. Bundan başqa Çinarə, Könül Kərimova və bir çox adını çəkmədiyim tanınmış sənətçilərlə iş birliyimiz var.

- Aranjimanı olduğunuz mahnılar üzərində işləyəndə müəlliflər və ifaçıların fikirləri ilə məsləhətləşirsiniz?

- Mən özüm də mahnı bəstələyirəm. Lazım olanda mahnılarımı satıram, hətta bəzi hallarda onlardan oxuyuram da. Ciddi bəstəkarlarla işləyirəm. Düzdür, aralarında həvəskarlar da var. Amma müraciət etdiyim layihələrdə öz istəyimi və istedadımı ortaya qoyuram. Yəni, bütün aranjiman etdiyim mahnıları öz bildiyim kimi yazıram. Çünki şair şeiri dünyaya gətir, bəstəkarın işi bir başqadır. Məhsulu hazırlayıb tam vəziyyətə gətirib tamaşaçı qarşısına çıxarmaq isə bir başqadır.

- “Çırpınırdı qara dəniz” layihəniz sizi bütün türkdilli ölkələrin musiqisevərlərinə tanıtdırıb?

- Bu layihə üzərində yalan olmasın bəlkə iki ilə yaxın işlədim. Özümdə güc toplayıb axır ki, onu bitirdim. Əslində bu mənim arzum idi. Novruz türkdilli xalqların hamısının birlikdə keçirdiyi bayramdır. Bu mahnını həmin bayram münasibəti ilə Azərbaycandan bir hədiyyə olaraq hazırladım. Mahnı hazır olandan sonra onu bütün türkdilli ölkələrin hər birinə göndərdim. Hər kəs öz ölkəsində onu musiqi alətləri və milli geyimində ifa etdi. Onların bizə göndərdiyi bütün videoları yığıb bir layihə şəkilində Novruz bayramında yayımladıq. Layihə əsasən türk ölkələrində, xüsusən də Türkiyədə uğur qazandı. Türkiyənin bir neçə telekanalı bu mahnını yayımlamaq üçün müqavilə bağladı. Bu həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olduğu dövrə düşdü. Rəcəb Tayyib Ərdoğanın xalq qarşısında çıxışlarından öncə bu mahnı səslənirdi. Mahnı mənim üçün uğur gətirdi. Məni bütün türk dövlətlərinə tanıtdırdı.

- Son dövrlərdə yazılan mahnıların ömrü çox qısa olur. Yaranandan 3 ay sonra unudulur. Sizcə bunu səbəbi nədir?

- Əslində bu, böyük mövzudur. Bizim bəstəkarlarımız hər biri klassik musiqidən yararlanıb. Onların yaradıcılığıda klassik musiqi janrının tərbiyəsi olub. Mahnıların musiqilərində və sözlərində insanlarda qıcıq yaradacaq heç nə yox idi. Amma bugünkü bəstəkarların yaradıcılığı kommersiya üzərində qurulub. Az sayda bəstəkarlar var ki, onların mahnıları oxunur və sevilir. Etiraf edim ki, indi müğənnilərin əksəriyyəti pul qazanmaq üçün mahnı istəyir. Deyirlər ki “6 ayda pul qazanmaq üçün mahnı bəstələ. Həmin mahnı 6 aydan sonra yaddan çıxsa da olar”. İfaçılar var ki, gələcəyi düşünür, dəyərləri qoruyur.

- Devalvasiyadan sonra bəstəkarların əksəriyyəti dolanışıq vəziyyətindən şikayət edir. Sirr deyilsə, sizdə vəziyyət necədir?

- Çox şükür, pis dolanmıram. İndi günah dolana bilməyənlərin özündədir. Yaxşı yaşamaq üçün hər cürə imkan və şərait var. Sadəcə olaraq doğru yolda əziyyət çəkmək lazımdır.

- Mahnınızı müğənnilərə neçəyə satırsınız?

- Bu kommersiya sirridir. Onu açıqlasam yaxşı olmaz. Rəqəmlər ifaçının populyarlığından asılı olaraq dəyişir.

Bahar RÜSTƏMLİ
AzNews.az