“Serialların məsuliyyətini Nuşirəvan Məhərrəmli daşıyır”- İTTİHAM

Milli Televiziya və Radio Şurasında (MTRŞ) ölkədə fəaliyyət göstərən prodakşn rəhbərləri ilə görüş zamanı Şura sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda çəkilən serialların keyfiyyətindən narazı qaldığını dilə gətirib

Şura sədri ölkədə kinoprodakşnların sayının çox olmasından da narazılıq edib.

Məsələ ilə bağlı fikrini öyrəndiyimiz "Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarov AzNews.az-a bildirdi ki, seriallarla bağlı bütün baş verənlərə Nüşirəvan Məhərrəmlinin özü cavabdehdir:

"Dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti birmənalı şəkildə prodakşnlara verilməlidir. Serialı telekanallar istehsal etmir. Sonda onlar da bunu prodakşnlara verir. Milli Televiziya və Radio Şurasının tərkibində tender komissiyası olmalıdır. Bu tender komissiyası mövzuları seçib prodakşnlara verir. Serial bazarında iki uğurlu layihə oldu. Onlardan biri "Pərvanələrin rəqsi", ikincisi isə "Sirr" serialıdı. Hər iki serialın çox yüksək reytinqi vardı. Sadəcə olaraq, Milli Televiziya və Radio Şurası tender keçirməyə ərinir. Ya da peşəkar adamları ətrafına yığmağa maddi imkanı yoxdur. Kino sahəsində uğur qazanmış 2-3 prodakşn var. Onlar Mədəniyyət və Turizm Nazirliyinin sifarişini yerinə yetirir. Niyə onlara serial sifariş olunmur? Məsələn, "Butafilm", "Nərimanfilm" kino şirkəti var, niyə onlara serial layihələri həvalə olunmur? Milli Televiziya və Radio Şurası serialları telekanallara etibar etdi, telekanallar isə bunu öz növbəsində təsadüfi prodakşnlara verdi. Bu saat serial çəkən prodakşnların əksəriyyətinin heç bir təcrübəsi yoxdur. Buna görə kim məsuliyyət daşımalıdır? Kanal var ki, ssenari müəllifinə 35 manat pul verir. 35 manata senari yazarlar? Neqativ hallara, serialların keyfiyyətinə görə bütün məsuliyyəti Nüşirəvan Məhərəmli özü daşıyır. Dövlət maliyyə vəsaitini bir başa ona etibar edir. Bu müzakirə oluna bilməz. Şura qərar verdi ki, biz həmin pulu belə xərcləyəcəyik. İndi də hər bir müsbət və mənfi hallara özü cavabdehdir".

Bahar Rüstəmli
AzNews.az