Kino tənqidçilər Elçinin əsərinin premyerasına niyə getmədilər?

Sentyabrın 26-da "Nizami" Kino Mərkəzində Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" filminin premyerası keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak edib. Romantik, dram janrında çəkilən filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir.

Yeni ekran əsərində Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandıb. Filmdə Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol almışlar.

"Mahmud Və Məryəm" filmini Azərbaycan kinosunun uğuru hesab etmək olarmı?

Elə bu sualla ilk növbədə kinoşünas Ayaz Salayev üz tutduq. A.Salayev AzNews.az-a açıqlamasında bu suala cavab verməkdən imtina etdi: "Xahiş edirəm, beləcə də yazın. Mən bu suala cavab verməkdən imtina edirəm. Belə də yazın".

Kinoşünas Sevda Sultanova isə filmə hələ tam şəkildə baxmadığını desə də, "Mahmud və Məryəm"in zəif film olduğunu düşüncəsindədir. O deyib ki, filmin qısa anonsuna baxıb və elə bir neçə saniyəlik səhnələrdən də "Mahmud və Məryəm"in zəif film olduğunu anlayıb. Kinoşünas deyib ki, hələ filmə baxmaq imkanı olmasa da, yaxın günlərdə izləməyi düşünür.


Qeyd edək ki, "Mahmud və Məryəm" filmi ilə əlaqədar kinotənqidçi Aydın Dadaşov, rejissor Rövşən Almuradlı, xalq artisti Rasim Balayev, rejissor Hüseyn Mehdiyevlə əlaqə saxladıq. R.Almuradlı, R.Balayev, H.Mehdiyev sözügedən filmin premyerasına dəvət almadığını bildirdi. A.Dadaşov isə filmə dəvət alsa da, səhhətində problem yarandığından təqdimatda iştirak etməyib.

Bahar Rüstəmli
AzNews.az