Bakıda bərbər məktəbi açılıb – Lenti nazir kəsdi

18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə tədris emalatxanası açılıb. Bərbər ixtisası üzrə ilk ixtisaslaşmış məktəb sayılan emalatxana müasir tələblərə uyğun təşkil edilib. Bu barədə AzNews.az-a "Eldar studio" sirkətinin rəhbəri Eldar Məmmədov məlumat verib. Onun sözlərinə görə, məqsədi bərbərliyin inkişafına nail olmaq, dünya səviyyəsində tanınan bərbərlər yetişdirməkdir: "Hər addımbaşı gözəllik salonları açılıb. Əlinə qayçı-daraq alıb özünü bərbər hesab edənlərin sayı çoxdur. Lakin bu işin peşəkarı olanlar barmaqla göstərilir. Mən istəyirəm ki, bu sahənin peşəkarları yetişsin. Azərbaycan bərbərləri beynəlxalq səviyyədə tanınsın. Bunun üçün sadəcə bərbər yetişdirməklə kifayətlənməyəcəyik. Onların beynəlxalq yarışlarda iştirakını da təmin edəcəyik. Amacımız odur ki, idmanda, incəsənətdə dünyaya səs salan Azərbaycan bu sahədə də öz sözünü desin".

E.Məmədov ixtisaslı kadrların yetişməsi üçün şərait yaradıldığını, indidən həvəsləndirici tədbirlər düşünüldüyünü vurğulayıb: "Məktəbdə PIVOT POINT akademiyasını bitirən yüksək kvalifikasiyalı müəllimlər dərs deyəcək. Tələbələr tam professional avadanlıqlarla təmin olunacaq. Dərslər teoriya və praktikadan ibarət olacaq. Dərslər artıq başlayıb. Kurs 3 ay yarım nəzərdə tutulub. Kursu bitirənlər həm Təhsil Nazirliyinin, həm də "Eldar studio"nun sertifikatlarını alacaq. Lakin hər bitirənə də sertifikat verilməyəcək. Kursun sonunda müsabiqə keçiriləcək və müvəffəqiyyət qazananlar bərbər pasportu və sertifikatla təltif olunacaq".

Qeyd edək ki, emalatxananın açılışını Təhsil naziri Mikayıl Cabbarov edib.

Ruhiyyə
AzNews.az

image description