- Köhnə - Mədəniyyət
- 1 Noyabr 2013 09:21
- 4 267
“Məni güllələmək istəyirdilər” – Müsahibə

Flora Kərimova: "Röya İlhamənin qorxusundan mənə..."
Bizimlə söhbətə səhhətindən şikayətlənməklə başladı. "Canıma vəlvələ düşüb. Əvvəlcə səsimi sevmirdim, indi heç oxumağı sevmirəm. Elçin saqqızımı oğurladı, üç illik bir mahnını inşallah, sabah ərsəyə gətirəcəyik. Amma xəstələnmişəm, necə olacaq bilmirəm" deməsindən təsirlənib, ona bir-iki məsləhət verdik.
Əlbəttə ki, sözə üzr istəməklə başladıq və o, bir daha böyüklüyünü göstərdi: "Qızım, mən bu gün bütün gənclərə deyirəm, nə uşağınız, nə də həyat yoldaşınızın adını çəkəndə üzr istəyin. Onlar sizin halalınızdır. Mən çox safam, ona görə hər şey mənə sonradan çatır. Elə belə də yazın. Rəhmətlik Elçibəyi mən çox sevirdim. Onunla ünsiyyətdə olanda həmişə "xanımım belə dedi" deməzdən əvvəl üzr istəyirdi, mən də hirslənərdim. Deyərdim ki, Allahdan gələn qismətinizdir, niyə üzr istəyirsiniz?" Beləcə söhbətə körpü salırıq...
- Flora xanım, sizi sevənləri nə yeniliklər gözləyir?
- Çox-çox gözəl mahnılar gəlir. 18 mahnı ərsəyə gələcək. Dinləyicilərim gözləsin, onları sevindirəcəyəm.
- Amma həvəsdən düşmüş kimi görünürsüz. Səbəb nədir?
- Həvəsdən düşməmişəm. Sadəcə oxumağı sevmirəm. Elə əvvəldən oxumağı sevmirdim.
- Bəs kim olmaq istəyirdiniz?
- Rəhmətlik atam həkim olmağımı istəyirdi. Oldum, amma sonradan gördüm ki, mən hüquqşünas olsaydım, çox yaxşı olardı. Müdafiəçi kimi daha çox iş bacarardım. Vəkil olmağa daha meylli idim.
Amma müğənni oldum. Bu tale mənə Allah tərəfindən boxçada göndərilib. Heç vaxt axtarışda olmamışam. Səsimin həlimliyi, texnikası - hamısı Allah vergisidir. Mən heç vaxt səsimin üzərində işləməmişəm.
Konservatoriyada beş il oxudum. Musiqi məktəbində oxudum və orda oxuyan məzunlar haqqında kitab çıxdı. O kitabdan mənim adımı çıxartdılar. Ancaq mən o məktəbi beş il əlaçı qiymətlərlə bitirmişəm.
- Yadıma gələndən, daim mübahisələrdə, intriqalarda adınız hallanır. Sizdən nə istəyirlər?
- Vallah, mən də bilmirəm. Bəlkə də istəklərinə baş əyməməyim, əmr qulu olmamağım gətirib bu səviyyəyə çıxardı.
- Bütün bu başınıza gələnlər əmrə tabe olmamağınızdandır?
- Mənə əmr etməyə belə ehtiyat edirdilər. Ehmalca dedilər, sonra tələb etdilər, sonra qadağalarla sındırmağa başladılar. Mən bu sənətdə çox şey itirdim. Səsimlə dünyanı gəzəcəyim bir dövrdə dünyalığımı məhv etdilər. Demişəm, deyəcəyəm də. Hər dövrdə məni əzmək istəyiblər. Düşmənlərim çox olub. Məni Berlində festivala yazmışdılar. O insanlara mənim öldüyümü deyib, mənim soyadımda olan bir opera işçisini əvəzimə göndəriblər. Başıma çox belə işlər gətirdilər. Hətta məni xalq düşməni edib, güllələtmək də istəyiblər.
- Səbəb?
- Səsimin gözəlliyinə həmişə paxıllıq. Dövlət qiymət verənə millət qiymət vermir, millət qiymət verənə dövlət. Mən o qədər düşmənliyəm ki, daim sübutla danışıram. Mənimlə çarpışırlar-vuruşurlar, ancaq istəklərinə nail ola bilmirlər. O vaxtlar nazımla oynayırdılar ki, məni həbsxanaya saldırıb, bir dəfəlik məni öldürüb canlarını qurtarsınlar. Bu günə kimi də məni yox etmək üçün mücadilə edirlər. Əl çəkin, sizin bacaracağınız iş deyil.
- Üç dəfə ailəli olmusunuz, özünüzü talesiz qadın hesab edirsiz?
- İtkiləri saymasaq, mən xoşbəxt qadınam. Taleyim çox qalmaqallı olub. Alın yazısına inanıram. Tanrı cılız insanların mənim taleyimə əl uzatmağına izn verməz. Heç kəs mənə ləkə yaxa bilməz. Mən heç olmasa, kiminsə xanımı olmuşam. Məni evinin qadını, həyatının yoldaşı eləmək üçün həsrətlə gözləyiblər. Mən kimin üçünsə qara da geyinmişəm, ağlamışam da.
Bəs sən ay İlhamə, kim üçünsən bu həyatda? Gör sən nə qədər bədbəxt insansan ki, Allah səni dünyanın ən gözəl hislərindən məhrum edib. Anla da, bundan böyük cəza yoxdur. Bəlkə başa düşəsən?! Allahın yazdığını pozan və dəyişə bilən olmayıb, olmayacaq da. Buna görə də sənin kimilər mənimlə addımlaya bilməz.
- Bir çox ilklərə imza atmısız: Müstəqil Azərbaycanın ilk Xalq artisti, ilk aktyorluq edən müğənni... Daha hansılar?
- Bir ilkim də var axı. İlk "Gözəl gülüşlü qadın" ödülünü də mən almışam. Məncə, belə şeyləri çox da sadalamaq lazım deyil.
Yoxsa, mən də olardım İlhamə Quliyeva. Mənim başıma tac qoysalar, istəmirəm. Mənə xalqın sevgisi lazımdır, gündəm yox. Dillərə düşüm, ürəklərdə olmayım- belə şey mənə lazım deyil. Nüfuz qazanmaq üçün dillərə düşmək lazım deyil. Mən evimə ana kimi daxil oluram, heç bir pis şeyi evimə gətirmirəm. Ən pis anımda belə övladlarıma sevgi dolu sözlər söyləyirəm.
- Mahnılarınızın çoxunu ağlaya-ağlaya oxuyursuz. Sizi nə kövrəldir?
- Çox qəlbi yumşağam. Çox hadisələrə tez reaksiya verib ağlayıram. – Hər kəsin məsləhət aldığı, atacağı addımlarla bağlı məsləhətləşdiyi adamlar olur.
- Sizin məsləhətçiniz kimdir?
- Özümdən savayı kimsəni dinləmirəm. Ən vacib və çətin durumlarımda beş-altı başbilənim var, onlarla məsləhətləşirəm. Mən heç vaxt bir və ya iki insanın fikirləri ilə kifayətlənmirəm. Həmişə "düşmənim mənə nə edər?" mövqeyindən çıxış edirəm.
- Sizi tez-tez əsəbiləşdirirlər. Belə hallarda özünüzü necə cilovlayırsınız?
- Sadəcə susub, kartlarımı göstərirəm. Yəni əli boş deyiləm, mənəvi olaraq həmişə uduram.
- Rəfiqəniz var?
- Yoxdur və olmamalıdır.
- Niyə?
- Yoxdur...
- Bəs, nədə bəxtiniz gətirib?
- Analıqda. Xoşbəxt anayam. Taleyim niskilli oldu, xoşbəxtliyimi üstələdi. Bircə qismətim analıqda gətirdi. Mən övladlarımdan "yox" eşitmədim. Mən maksimalistəm, ailədə çətin insanam. İndiyə kimi soruşuram ki, gecə dişlərinizi yudunuz? Onlar da mənə çox diqqətlidirlər.
Dünən qızım mənə deyir ki, sən özünü çox yorursan, canının qeydinə qalmırsan. Deyirəm, ay qızım, narahat olma, hələ yaxşıyam, heç kim mənə yaşımı vermir. Heç kim məni 73 yaşında qəbul etmir. Bu da Allahın naxışıdır.
- Fəxri adlardan danışaq. Flora Kərimova layiq olduğu bütün fəxri adları alıb?
- Bu gün açın interneti, görün dövlətin "Şərəf", "Şöhrət" ordeni verdiyi müğənnilər haqqında nələr deyirlər. Sonra da gözümüzə soxub, hədə-qorxu gəlib, deyir ki, prezident verib, onun imzası var . Belə şəkilləri olan qadın Azərbaycan xalqının şərəfi ola bilərmi? Faiq Ağayevin hansı şərəfsizliyinə Xalq artisti adı yaraşırdı?
Xalq onun pornoqrafiyalarından nə öyrəndi? Arvadı Nigarın anasını, qardaşını zirzəmiyə salıb, dedikləri sözə görə çıxarıb efirdə üzr istətməklə deyil ki. Gücün çatırdısa, gəlib mənə deyəydin də. Məndə onların imzası ilə sənəd var. Mən Faiq Ağayevdən və İlhamə Quliyevadan soruşuram: məni həbsxanaya salsalar, nə udacaqsınız?
Nifrətdən başqa qazancınız olmayacaq! Xalqın məhəbbətindən gecə-gündüz yalandan don geyinib özünə xal qazanmaq istəyirsən? Aç Fecebook səhifələrini, ünvanına söylənilən fikirlərə bax. Bədəni sən, başı toyuq-xoruz olan şəkillərə bax, ibrət al. O qədər absurda çatmısan ki, onu-bunu məhkəməyə verib pul yığırsan. Naspəri Dostəliyevayadan 50 min, məndən üç min, sonra kimlərdən alacaqsan, sıra kimdədir? Onu-bunu məhkəməyə verməklə dolanmaq olmaz.
Almaz Ələsgərlidən tutmuş Röyasına kimi hamısından pul yığdın. Röyaya "pinti" dedin, arxasında durdum, müdafiə etdim Röyanı. Ondan sonra isə Röya onun qorxusundan jurnalda mənə "sağ ol" yerinə barmaq göstərdi. Bütün tədbirdə çıxıb prezidentin adını hallandırırsan. Sən kimsən axı belə danışırsan? Sən başa düşürsən nə danışırsan, nə demək istəyirsən? Utanmırsan camaatı aldadırsan ki, DAK-ın üzvüyəm. Hansı sənətdə təsdiqlənib üzvlüyünüz? Bu dəqiqə məhkəmə məndən üç min manat pul istəyir.
"Verməsən səni tutacaqlar" deyib mənə barmaq silkələyir. Mən də onlara dedim ki, əgər Azərbaycana bu rüsvayçılıq çatmırsa, mən razı, salın məni həbsxanaya, vəssalam. Mənim heç bir mülküm yoxdur. "Xalq artisti" fəxri adına görə 50 manat alıram. Pensiyam isə 150 manatdır. Mən sənin kimi harınlamamışam, İlhamə Quliyeva. 1000 manat alırsan, ancaq yenə də ağlayırsan. Mənim sənin kimi başqa gəlir yerim yoxdur.
Əslində mənim narahatçılığım bu ölkə üçündür.
Faiq Ağayev kimi, İlhamə Quliyeva kimi nümunələrimiz çoxalsa, bu xalqın heç bir dəyərli nümunəsi qalmayacaq. Bu yol gəlirli, bəhrəli yoldur. Milləti bu yolla aparıb uda-uda uduzdururlar. Hara baxır Şəfiqə xanım, vəkiləm deyib savadıyla öyünür. Məni məhkəməyə verirsən ki, sənə savadsız demişəm. Göstər savadını, deməyim.
- Sonda sevənlərinizə demək istədiyiniz nəsə varmı?
- Bir kuplet şeir:
Mələkləri dindirmədən,
İblisləri güldürmədən,
Əzrailə baş əymədən,
Yanından ötüb keçəcəm,
Mən özüm ölüb gedəcəm.
Aygün
AzNews.az