Muğam teatrı bağlandı: “Buna görə çox adamın başı ağrıyacaq”

"Mədəniyyət və Turizm Nazirliyi mənim 24 illik həyat və yaradıcılığıma bir əmrlə son qoydu. Muğam Teatrını bağladılar. Bu ilin sonuna kimi vaxt qoyublar. Dekabr ayında teatrı Mədəniyyət və Turizm Nazirliyi təhvil alacaq".

Bunu AzNews.az-a əməkdar incəsənət xadimi Arif Qazıyev deyib. Onun sözlərinə görə, dünyada yeganə olan Muğam Teatrı ona qarşı olan qərəzə qurban gedib:

"Muğam teatrının nə özü var, nə də yurdu. İşçilərinin də bəziləri Mahnı Teatrına gediblər. Mən də ortalarda qaldım. Nazirin Muğam Teatrı ilə nə işi, görünür bu göstəriş ona daha yuxarılardan gəlib. Ayının min oyunu bir armudun başında olduğu kimi Teatrın da ləğv olunmasının bir səbəbi var. O da Muğam Teatrının lövbər saldığı karvansara. Məqsədə bizi həmin karvansaradan çıxartmaq idi. Yalandan dedilər ki, karvansara təmir olunsun, qayıdarsınız. Biz də teatrdan çıxdıq. Təmirdən sonra isə bizi teatra buraxmadılar".

Arif Qazıyev onu da deyib ki, Muğam Teatrının ləğvi ilə bağlı nazirliyin rəsmi qərarı artıq elan olunub:

"Nazirlikdə kollegiya iclası keçirilib. Müavinim getmişdi. Nazir müavini Ədalət Vəliyev çıxışında bildirib ki, daha Muğam Teatrı adında bir mədəniyyət ocağı yoxdur. Bu da son… Bu teatrın bağlanmasına görə, çox adamların başı ağrıyacaq".

Bahar Rüstəmli
AzNews.az