Əhməd Şəfəqlə bağlı Prezidentə müraciət olunacaq – Mətbuat konfransı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin sevilən sənətçisi Əhməd Şəfəqin dekabr ayının 21-də keçirəcəyi konsertlə bağlı mətbuat konfransı keçirildi. Konfransda "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, şair Bəxtiyar Qaraca və səbəbkarın özü iştirak edirdi.



Əhməd Şəfəqin fərqliliyi və üstünlüyü

Tədbiri giriş sözü ilə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı açaraq, türk müğənnisi Əhməd Şəfəqin yaradıcılığı haqqında geniş məlumat verdi. T.Rüstəmxanlı bildirdi ki, Ə.Şəfəqin başqa sənətçilərdən bir fərqi var: "O da onun maddiyyat axtarmaması. Əhməd bəy Azərbaycanda dəfələrlə konsert verib. Ancaq buna baxmayaraq, o heç bir zaman konsertdən gələn gəlirdən maraqlanmayıb. Bundan başqa, o, sonuncu konsertində biletlərdən əldə olunan vəsaiti bütünlükdə Azərbaycan Ordusunun hesabına keçirdi. Buna görə də Müdafiə Nazirliyi onu özünün fəxri diplomu ilə təltif etdi. Bax, Əhməd Şəfəqin fərqliliyi və üstünlüyü budur".

"Bəziləri Əhməd Şəfəqi milliyyətçi olduğu üçün sevmir"

Bundan sonra Bəxtiyar Qaracanın "Ya Qarabağ ya ölüm" filmindən fraqmentlər nümayiş olundu.

"Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva həmin klipin tezliklə türk televiziyalarında nümayiş ediləcəyini bildirdi: "Bu klipi Türkiyə telekanallarında nümayiş etdirməliyik. Əhməd bəy milliliyi qoruyan bir sənətkardır. Bəzi insanlar Əhməd Şəfəqi məhz milliyyətçi olduğu üçün sevmir və onun fəaliyyətini kiçiltmək istəyirlər. Çünki Əhməd bəyin əsas ideyası milliliyi, türkçülüyü qorumaqdır. Əhməd Şəfəq həm də poeziya aşiqidir. Siz onun albomunun adına baxın: "Vətən gözlüm". Əslində, o bu adla ədəbiyyata yenilik gətirib. Əhməd bəy yaradıcılığının əsas hissəsini həm də Qarabağ probleminin dünyaya çatdırılmasıdır. Əgər yadınızdadırsa, bir müddət öncə Bakıda "Hüseyn Cavid əsərləri" adlı kitabın təqdimatı keçirildi. Amma heç kəs bilmədi ki, türk dilində nəşr olunan bu kitabın ərsəyə gəlməsində də Əhməd Şəfəqin rolu böyük olub. Biz qərara gəlmişik ki, yanvarda həmin kitabın Türkiyənin İstanbul şəhərində təqdimatını keçirək".



Əhməd Şəfəq özəl sürpriz edəcək


Sonra çıxış edən Əhməd Şəfəq "Azərbaycan-Türkiyə" adlı konsertindən məlumat verdi. Onun sözlərinə görə, onu konsertdə 8 musiqiçi müşayiət edəcək. Konsertdə 22 əsər ifa olunacaq. Onların arasında "Ərzurum" türküsü və konsertin özəl sürprizi olacaq. Ə.Şəfəq tədbir iştirakçılarını Qarabağdan bəhs edən filmin son vəziyyəti ilə də məlumatlandırdı. O, bildirdi ki, Qarabağdan bəhs ediləcək filmin ssenarisi, çəkilişlərin aparılacağı məkanlara kimi hər bir şey hazır. Amma tək bir şey qalır-o da filimin ərsəyə gəlməsi üçün lazım olan maliyyə vəsaiti: "Nə yazıq ki, sonda bütün işlər bir nöqtəyə dikilir - para. O da yoxdur ki, nəzərdə tutulan filmi başa çatdıraq".

Filmə görə Prezidentə müraciət olunacaq

"Bəs, siz bununla bağlı hər hansı bir quruma, Mədəniyyət və Turizm Nazirliyinə, Milli Məclisin Mədəniyyət Komissiyasına müraciət ünvanlamızınız" sualına T.Rüstəmxanlı cavab verdi: "Söhbət Qarabağdan gedir. Biz bu filmi özümüz çəkmək istədik. Amma Əhməd bəyin dediyi kimi sonra maliyyə vəsaitinə görə, filmin ərsəyə gəlməsi ləngidi. Düşünürəm ki, bizə bu filmin ərsəyə gəlməsində yalnız Azərbaycanın Prezidenti dəstək ola bilər. Odur ki, ölkə rəhbərliyinə müraciət hazırlayacağıq. Çünki Əhməd bəyin ssenarisi ilə ərsəyə gələcək filmdə hər şey, bütün Qarabağın yaşadıqları ağrı-acılar var. Həm də ki, biz bu filmi Türkiyədə, Avropa ölkələrində nümayiş etdirmək planımız var".
Sonda canlı ifasını tədbir iştirakçısına təqdim edən Ə.Şəfəq medianı dekabrın 21-də keçiriləcək konsertə dəvət etdi.

Qeyd edək ki, konsertin mətbuat dəstəkçisi AzNews.az saytıdır.

Bahar Rüstəmli
AzNews.az