İsmayıl Ömərova şeir qoşdular

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal AzNews.az-ın redaksiyasına İctimai Televiziyanın keçmiş direktoru İsmayıl Ömərovla bağlı yazı göndərib. Həmin yazını olduğu kimi təqdim edirik:

Yaşamaq haqqı

Məşhur rus şairi İ.Brodski hər şeyə ayıq başla, açıq gözlə baxmağın tərəfdarıydı. Qeyd edirdi ki, arzulamaqla böyük ədəbiyyat yaratmaq olmaz. İsmayıl Ömərova qədər İctimai telekanalın yaradılması haqda yetərincə təkliflər səslənmiş, arzular olmuş, müzakirələr aparılmışdı.

Dövlətimizin böyük dəstəyi və qayğısı sayəsində bu arzu həqiqətə çevrildi. Və bu arzunun həqiqətə çevrilməsində İsmayıl Ömərovun bu telekanala rəhbər təyin olunması həyati nöqteyi-nəzərdən özünü doğrultdu. Bütün koordinatlarıyla milli ruhlu yeni bir telekanal fəaliyyətə başladı, xalqın, millətin, bütün türk dünyasının rəğbətini qazandı.

... Bu yaxınlarda Xalq şairi Məmməd Araz haqda yazılmış xatirələrdən birində oxudum ki, onun etimad göstərdiyi şairlərdən biri deyəndə ki, gəl səni dəniz kənarına aparım... Onda böyük şairimiz deyib:

- Ora istəmirəm, məni uzaqlara apar, çox uzaqlara!

... İ.Ömərovun yaratdığı ictimai televiziya bizi uzaqlara apardı, çox uzaqlara!

... Dünyanın ən böyük və ən gözəl yazıçılarından biri Əziz Nesin deyirdi ki, "Dünyanın ən gözəl insanı kimdir - deyə məndən soruşsanız, "70 yaşında da gənc ola biləndir!" - deyərdim.

İTV-nin yaradıcısı, ilk baş direktoru İsmayıl Ömərov 60 yaşını tamamlayır. Bu o deməkdir ki, o da dünyanın daha gənc və daha gözəl insanlarından biridir.

Mən bu gənci - Balıqlar bürcündən olan adaşımı təbrik edirəm və deyirəm:

May ayında, Buğa bürcündə anadan olmuş, Dədə Qorqud 259 il ömür sürmüşdür. (560-819)

... Biz Dədə Qorqud övladlarıyıq. Bizim üçün 50-60-70 yaş hələ nədir ki?! Bizim 80-90-100 yaşında da daha gənc olmağa imkanımız var!

Bizim daha çox yaşamaq və yaratmaq haqqımız var!


Olsun


"Məni düşündürən ancaq kişilikdir".

(C.London)



Xalqımızın görkəmli ziyalı oğlu

İsmayıl Ömərovun 60 illiyinə

Aşıq Avdı, gəl bir şeir oxuyaq,

Vətən, el qeyrətli kişidən olsun!

Dünyada kişilər az-az tapılar,

Andı da, eşqi də bu Vətən olsun!



İsmayıl Ömərov çıxdı qarşıma,

Rast gəldim nə gözəl qan qardaşıma.

Dur, birgə dolanaq mərdin başına,

At getsin namərdi, başından olsun!



Bu türk oğlu türkün hər türk qardaşı,

Bütün türk dünyası dostu, sirdaşı!

Haqqı var, yaşasın, haqqı var, yaşı

Ömrü uzunların yaşından olsun!



Gələn götürdüyü yükünnən gəlsin,

Mən deyən kişiyə təki tən gəlsin.

Gələndə yerlərin təkindən gəlsin,

Olanda göylərin ərşindən olsun!



Olmasın deyirəm kişi kəm, Allah,

Sən özün bilirəm, kişisən, Allah!

Allah, bu torpaqda kişi sən allah,

Onundan olmasa, beşindən olsun!



Qoç olan kişinin qoç olur oğlu,

Şərəflə yaşayıb ucalır oğlu!

Gör sənə nə deyir, Borçalı oğlu,

Sənə Azərbaycan, can qurban olsun!



Kişi olan - zirvə, kişi olan - Dağ,

Barat, borcumuzdur ondan danışmaq!

Kaş bütün kişilər beləcə hər vaxt,

Bu yurdun torpağı, daşından olsun!


Barat Vüsal,
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi.