İntiqam Valehoğlu İntiqam Valehoğlu

Nazirə açıq məktub

İntiqam Valehoğlu


Heç kimə sirr deyil ki, incəsənət sahəsində fəxri adlar, dövlət mükafatları, təqaüdlər verilərkən mütləq və mütləq siyahı əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinə, ordan isə daha yuxarılara gedir. Və əksər hallarda cüzi istisnaları çıxmaq şərtilə nazirlikdən gedən siyahıdakı şəxslər həmin mükafatı alırlar. İndi bütün bunları niyə xatırlatmağımın səbəbini izah etmək istəyirəm. Prezidentin incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncamını oxuyanda gözüm bir neçə nəfərin adını gəzdi həmin siyahıda. Novruz Qartalın, Kəmalə Rəhimlinin, Akif İslamzadənin, Əli Mirəliyevin... siyahını uzatmaq da olar. Amma bəzi adları həmin siyahıda görüncə... bu siyahı ilə bağlı şəxsən cənab Əbülfəs Qarayevə bir neçə sualım yarandı.

Hazırda bir neçə xəstəlikdən əziyyət çəkən, heç bir yerdən əlavə qazancı olmayan Kəmalə Rəhimlinin bu siyahıda olmağa haqqı çatmırdımı? Yəni 30 ildən artıq peşəkar səhnə fəaliyyəti olan və qeyd elədiyim kimi eyni zamanda bir neçə xəstəliklə mübarizə aparan sənətkarı həmin mükafata təqdim etmək olmazdımı? Bəlkə təqdim etmisiniz, sonradan siyahıdan çıxarıblar adını?

Daimi iş yeri olmayan, dost-tanışın, yaxın insanların köməyi ilə dolanan əfsanəvi sənətkar Akif İslamzadənin bu siyahıdakılardan nəyi əskikdi? Əksinə, bu adamın təkcə "Alagözlüm"ü həmin siyahıda olanların əksəriyyətinin bütün yaradıcılığından daha üstündür. Elə deyilmi, cənab nazir?

Bəs, 67 yaşında nəhayət ki, "əməkdar artist" fəxri adını alan, həyatının 45 ildən çoxunu teatra həsr edən Novruz Qartala bu təqaüdü layiq görməməyinizə səbəb nədir? Onun xidmətləri həmin siyahıda olanların hansından azdır? Ömrünün ahıl çağında kirayələrdə yaşayan bir sənətkarın heç olmasa, həyatının son illərində güzəranının az da olsa yaxşılaşması kimin cibini daraldar, kimin ala buludlarda gəzən kefinə soğan doğrayar?
Halbuki həmin siyahıda elə insanlar var ki, bir toydan aldıqları Novruz Qartalın bir illik maaşı qədərdir. Əgər bu mükafatlar sənət meyarlarına görə verilirsə, niyə adını sadaladığım şəxsləri də həmin mükafata təqdim etməyə layiq bilmədiniz?

Uzun müddət Gülarə Əliyevanın rəhbərliyi altında "Dan ulduzu" instrumental ansamblında çalışmış, öz dövrünün 3-4 tanınmış estrada müğənnisindən biri olan Əli Mirəliyevin adı həmin siyahıda niyə yoxdur? Bəlkə bu adamın "Dan ulduzu"ndakı fəaliyyətini peşəkar fəaliyyət hesab etmirsiniz? Çox nadir hallarda toylara gedən 65 yaşlı sənətkarın 40 ildən artıq çəkdiyi zəhmətinin bəhrəsini yeməyə haqqı yox idimi, cənab nazir?

Mənim nə həmin siyahıda adları olan şəxslərlə şəxsi-qərəzliyim, nə də ki mükafat almayan sənətkarlarla dostluğum yoxdur. İnanmaq istəyirəm ki, mədəniyyətimiz qarşısında böyük xidmətləri olmuş bu şəxslərin adlarının dövlət mükafatları alanların siyahısına salınmaması qərəzdən irəli gəlmir. Elə məhz buna görə bütün bunları yazmağı-bir daha xatırladıram-özümə borc bildim