Bakıda “Türklük Şöləni” keçirildi- FOTOLAR


Dövlət Opera və Balet Teatrında "Türklük Şöləni" adlı bayram mərasimi keçirilib. AzNews.az-ın məlumatına görə, mərasimin təşkilatçıları "Azəri-Türk" Qadınlar Birliyi və "Azərbaycan-Türkiyə Evi" (ATEV) olub. Bayram tədbirində türk dünyasından olan sənət adamları, ziyalılar, deputatlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət himnilərinin səslənməsi ilə başlayan mərasimdə Şəmistan Əlizamanlının müəllifliyi ilə hazırlanan Türk birliyindən və Türk tarixindən bəhs edən kilip nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən ATEV-in rəhbəri, "Azəri Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbir 3 May Türkçülük günü ilə əlaqədar keçirilir və " Şah İsmayıl-Sultan Səlim Simpoziumu", "Atatürk simpoziumu" və " Xocalı Soyqırımının tanıdılması" layihələrinin davamıdır. T. Rüstəmxanlı türk dünyasının inteqrasiyasından, bir məqsəd uğrunda mübarizənin vacibliyindən və bu çərçivədə keçirilən "Türklük Şöləni"nin əhəmiyyətindən danışıb: "Bu tarix müasir dövrdə türk milli şüurunun oyanışına ciddi təkandır. Türk dünyası birləşməli və bir-birinə dəstək olmalıdır. Bu gün düşmənlərimiz milli kimliyimizi məhv etmək üçün üzərimizə gəlir. Bunun qarşısında yalnız bir olmaqla dura bilərik. "Türklük Şöləni"nin məqsədi də türk cəmiyyətlərini bir-birinə bağlılığını yaratmaq, onların vahid mövqedən çıxış etməsinə təkan verməkdir. Burada iştirak edən sənətçilər Xəzərin sahilində türkçülük şöləni əsdirir. Bu mərasimi türk dünyasının dahilərinə - Atatürk, M.Ə.Rəsulzadə, Heydər Əliyevə həsr etmişik".

Sonra çıxış edən Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədrinin müşaviri Çetin Elmas tədbirin əhəmiyyətindən danışıb. O, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı türkçülük ənənələrinin yaşamasını böyük hadisə kimi xarakterizə edib. S. Rüstəmxanlı deyib ki, düşmənlər olmasaydı, dünyada türklərin sayı bu gün ən çox əhalisi olan Çin və Hindistan əhalisinin sayından az olmazdı: "Dünyada soyqırıma ən çox türklər məruz qalıb. Azərbaycan da bu cür faciələri yaşayıb. Ermənistan müəyyən qüvvələrin köməkliyi ilə Azərbaycanın 20 faizdən artıq torpaqların işğal edib və xalqımızı soyqrıma məruz qoyub. Hazırda da işğalçı ölkə öz dağıdıcı, terrorçu siyasətini davam etdirir. Fikrimcə, hər bir türk bu problemdən xəbərdar olmalı və Azərbaycanın haqlı səsinə səs verməlidir".

Daha sonra tədbir ədəbi-bədii musiqili kompozisiyalarla davam edib. Konsertdə Türkiyənin tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov, Azərbaycandan Şəmistan Əlizamanlı və digərlərinin ifasında türk xalqlarının qədim milli musiqiləri səsləndirilib və mədəniyyət nümunələri nümayiş olunub.

Xəqani
AzNews.az
image description image description image description image description image description