“Teatra illərlə ayaq basmayanlara Prezident mükafatı verilir” – Əməkdar artist

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elxan Quliyevin AzNews.az-a müsahibəsi

-Elxan müəllim, Azərbaycanın ən böyük teatr məkanından – Akademik Milli Dram Teatrından 6 nəfər aktyorun adın Prezident mükafatı siyahısından çıxarılıb. Sizcə bunun səbəbi nədir?

- Məni narahat edən məsələ mükafatların verilmə qaydasıdır. Bilmək istəyirəm ki, görüm Prezident mükafatını bu sənət adamlarına hansı səpkidə, hansı ölçüdə, hansı meyarla və nəyi nəzərdə tutub verirlər? Ulu öndər orada göstərmişdi ki, səhnədə göstərdiyi fəaliyyətlərin, müvəffəqiyyətlərin müqabilində mükafat verilməlidir. Özü də bu mükafat sərəncama görə, bir il üçün nəzərdə tutulur. Növbəti ildə mütləq bu, dəyişməlidir, yəni başqa adamlara verilməlidir. Amma reallıqda bunun əksini görürük. Yəni, əgər bir il mükafatı aldınsa vəssalam, elə hər il alırsan. Bu necə ola bilər? Elə adamlar var ki, illərlə teatra gəlmir. Elə aktyor var ki, məşqlərə belə qatılmır, amma o, Prezident mükafatı alır.

Mənim adım sonuncu siyahıda da olmadı. Bu Prezident mükafatından kənarda qalmışam. Bu günə kimi bir dəfə də olsun danışmadım. Amma daha məcburam ki, danışam. Danışmamaq mümkün deyil. Bu qədər haqsızlıq, bu qədər sayğısızlıq olar?

- Prezident mükafatı üçün ilk öncə çalışdığınız teatrın direktoru Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidir. Sizin adınızdan nazirliyə təqdimat göndərilibmi?

- Bilmirəm. Direktor deyir ki, təqdimat göndərib. Deyir ki, mənim adımımı hər dəfə təqdimat siyahısına salır, amma nazirlikdən adımın Prezident Aparatına gedib-getmədiyini deyə bilmərəm. Nazir müavini Ədalət Vəliyev sağ olsun, mən onun qəbuluna nə vaxt yazılmışamsa qəbul edib, dinləyib. Düzdür, nəticəsi olub-olmamağı başqa məsələdir. Əsas odur ki, qəbul edib, amma... 40 ildir teatrda işləyirəm, ömrümdə bir dəfə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin qəbuluna yazıldım ki, dərdimi ona deyim, amma məni qəbul etmədi.

-Niyə?

- Görünür, məni dinləmək belə istəmədi.

- Bəs görüşdüyünüz Ədalət müəllim bu məsələyə nə deyir?

- Nə deyəcək, "gözləyin". Hələ bu günə kimi də gözləyirəm. Bu nə deməkdir? Bilmirəm ki, nazir məni niyə qəbul etmək istəmir. Maraqlananda deyirlər ki, "nazirin hələ qəbulu yoxdur, olanda deyəcəyik"...Siz axı mənim nazirimsiniz? Mən öz dərdimi Sizə deməliyəm. Sizdən başqa məni kim başa düşə bilər? Bəlkə elə şeylər var ki, Siz bilmirsinz, mən onları deyəcəm? Prezident mükafatı ildə bir dəfə verilir. Ümumiyyətlə, bu mükafat nə üçündü? Bu, sənətkara stimuldu. İnanın, Prezident mükafatını alanlar arasında elə aktyorlar var ki, ondan sonra teatra belə gəlmir. Bilir ki, gəlsə də, gəlməsə də o mükafatı alacaq. Almayan aktyor isə deyir ki, belə canı çıxsın Prezident mükafatını kim alırsa, gəlsin işləsin: o da işləmək istəmir. Beləcə xaos yaranır.

- Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov illərlə teatra gəlməyən və məşqlərə sayğısızlıq göstərən aktyorların adlarını niyə siyahıdan çıxarmır?

- Yəqin gücü çatmır. Çatsaydı, şübhəsiz ki, dəyişərdi. Deyirik ki, yol gənclərindi. Amma Prezident mükafatından gənclərə pay düşmür. Bu da onların sənətinə təsir edir. Kim ki, xalq, əməkdar artistidir ancaq onlara verirlər. Bəyəm, Prezident mükafatı elə fəxri adların daşıyıcıları üçündü? Bu, qanunda yazılmayıb axı. Bunlar özlərindən nə hoqqa çıxarıblar, bilinmir. Bu dəfə Akademik Milli Dram Teatrının aktyorlarından 6 nəfər Prezident mükafatı siyahısından kənarda qaldı. İki nəfər isə siyahıya əlavə olundu.

- Kimləri uzaqlaşdırdılar?

- Sənubər İsgəndərli, Əlibala Nur, Sabir Məmmdov, Şəlalə Quliyeva, Mətanət Atakişiyeva və s. Elə Şəlalə xanımı götürək. Gənc aktrisadır, yataqxanada qalır. Xəstə anası var. Onu mükafatdan kəsmək nə deməkdir? Siz bunu hara göndərirsiniz?
Trasa?.. Şəlalə xanım o pulla rahatca həyatını qaydasına qoyurdu və anasına baxırdı. Sevinc Əliyeva ilə Füzuli Hüseynovu isə mükafat alanların siyahısına əlavə etdilər. Burası Azərbaycan, hər şey ola bilir. Mən Mərahim müəllimin Sizə verdiyi müsahibəsində də münasibət bildirmək istəyirəm. O, müsahibə Akademik Milli Dram Teatrında ikitirəlik və ayrı-seçkiliyə yönəlmiş fikirlər deyib.

O, müsahibənin Akademik Milli Dram Teatrına ziyanından başqa bir şeyə yaramır. Deyir ki, qocalar gənclərə yer vermir. Elə birinci qoca sənsən, 65 yaşın var. Çıx qoy yerinə gənclər gəlsin. Kimə nə deyiblər? Kim nə istəyir oynayır. Hamımız qalmışıq, Mərahim müəllimə otaq veriblər. Bu adam daha nə istəyir? Mən Mərahim müəllimdən belə bir müsahibə gözləmirdim. Onun özü də bilmir nə danışır. O teatrda bir kəsin qarşısını kəsməyiblər. Kimin qarşısı kəsilib, desin də.

İsrafil İsrafilov çalışır ki nəsə etsin, sözsüz ki, səhvsiz insan yox. Yəni onun da səhvləri var. Yeni bir şey etməyə çalışır, amma hələ ki, alınmır. Deməli, səhv yoldadır ki, alınmır. İsrafil müəllim gənclərə yer verir. Nicat Kazımova səhnə verdi, halbuki o, aktyordur, rejissor deyil. Gəldi Akademik Teatrda iki tamaşa qoydu, amma alınmadı. Ona demək lazım idi ki, "qardaş sənə yaxşı yol. Səndə alınmır, get işinlə məşğul ol". Bu adam "Azdrama"lıq deyil. YUĞ-dakılar da elə. Onların heç biri bizim səhnəyə şedevrlik heç nə edə bilməyib.

- Başqa teatrın aktyorları niyə güclərini Akademik Milli Dram Teatrında sınayır?

- Bu sualın cavabını İsrafil İsrafilov bilir. O ki, qaldı teatrların YUĞ-laşmasına, yadıma Rasim Balayevin sözü düşdü. Necə il bundan öncə Rasim Balayevlə rastlaşdım. Dedi ki, "Vaqif çağırıb məni. Soruşdum ki neynirsən, dedi eksperiment aparıram". Bu da qayıdıb ona deyib ki, "A kişi sən 60 ildir eksperimet aparırsan, hələ də bir şey yoxdur".

- Deyirsiniz ki, elə aktyorlar var ki, illərlə teatra gəlmir. Kimlər gəlmir, bir neçəsinin adını çəkə bilərsiz?

- Onu bilmək üçün repertuara baxın. Onlar mənim sənət dostlarımdı, adını çəksəm, inciyərlər. Amma belələrinin sayı çoxdur. Onlar nəinki müftə maaş, hətta müftə mükafat da alırlar.

Bahar Rüstəmli
AzNews.az