Əkbər Əlizadənin qeyri-adi benefisi - MÜSAHİBƏ

Bu gün Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist və həm də teleaparıcı Əkbər Əlizadənin doğum günüdür. Aktyor doğum günü təəssüratlarını AzNews.az-la bölüşüb:

-Əkbər bəy, bildiyimə görə bu il səhnə fəaliyyətinizin 20 ili tamam olur.
-Bəli, bu il mənim Dövlət Musiqili teatrında fəaliyyətə başlamağımdan 20 il keçir. 1994-cü ildən Mədəniyyət və İncəsənət Universitetinin birinci kursundan musiqili teatrda çalışıram və bu müddət ərzində böyük aktyorlarla işləmişəm. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Düzdür, 20 il böyük sənətkarlarımızın təcrübəsiylə müqayisədə çox kiçik olsa da, buna mini benefisim də deyə bilərəm.

-Bildirdiniz ki, 20 ildir səhnədəsiniz. Neçə yaşınız tamam olur?
-Yaşımı demək istəmirəm axı.

-Hər halda maraqlıdır.
- 37 yaşım tamam olur. O yaşı mənə vermirlər. İstəyirəm necə görürlərsə, elə də qalım.

- Deyəsən, bununla bağlı "Space" televiziyasında benefis xarakterli geniş proqram da hazırlanıb.
- Bəli, düz bilirsiniz. Bu, digər şənbə günlərindən fərqlənəcək. İki saat ərzində ad günümün və benefisimin quruluşunu da özüm vermişəm, ssenarisini də özüm yazmışam. Benefisimdə sənət dostlarım Ələkbər Əliyev, Nahidə Orucova, Gülnarə Əzizova, Ülviyyə Əliyeva, Tünzalə Əliyeva Elnarə Nağdəliyeva, Zemfira Əbdülsəmədova, Almaz Mustafayeva, Məleykə Əsədova, müğənnilərdən Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, Xumar Qədimova, Eyyub Yaqubov, Emil Bədəlov, tanınmış rəqqaslar Şəhriyar Cəfərov və Oksana Rəsulova iştiak ediblər. Çox maraqlı bir çəkiliş olub. Afaq Bəşirqızı və pedaqoqum Cənnət Səlimova haqqımda fikir söyləyiblər süjet vasitəsilə. İnşallah Mayın 24-də səhər saat 8-dən 11-ə kimi efirdə olacaq.

-Ad gününüzdə ən yaddaqalan təbrik hansı oldu?
-Mənim üçün ən böyük hədiyyə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin təbriki idi. Amma ondan da sevindirici haldır ki, məhz bu il cənab prezidentimiz İlham Əliyev tərəfindən prezident mükafatına layiq görülmüşəm.

-Bütün bunlar ad gününüzün efir tərəfi. Bəs ailə ilə hansı formada qeyd edəcəksiniz?
-Ailə ilə ad günümü elə də geniş qeyd etməyi düşünmürəm. Çünki bu gün "3 bacı" serialının çəkilişindəyəm. Orda mütləq qeyd edəcəyik. Axşam isə öz ailə üzvlərimlə qeyd edəcəyəm.

İntiqam Valehoğlu
AzNews.az