- Köhnə - Mədəniyyət
- 12 Sentyabr 2014 11:46
- 3 027
Qarabağda Gənclər Festivalı keçirildi - FOTOLAR
Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının budəfəki ünvanı Ağcabədi rayonu olub.
AzNews.az xəbər verir ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan festivalda Qarabağ bölgəsindən olan yüzlərlə yeniyetmə və gənclər iştirak edib.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə festivalı giriş sözü ilə açaraq, doğma Qarabağımızda keçirilən bu tədbirin mahiyyəti barədə məlumat verib, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, respublikamızda son illər muğam sənətinə dövlət dəstəyinin, diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən bu sənətə yüksək qiymət verilməsi, hamilik göstərilməsi ölkənin hər yerində olduğu kimi, bu regionda da muğam ifaçılığının geniş inkişaf etməsi, yeni nəsil ifaçılarının üzə çıxarılması və yetişdirilməsi üçün zəmin yaradıb. Buna görə Qarabağ gənclərinin bu cür festivallarının silsilə xarakter almasını təmin ediləcək.
Digər çıxış edən rəsmilər də tədbirin gənclər üçün əhəmiyyətindən danışıb, Qarabağdan olan gənclərin müxtəlif festival və müsabiqələrdə fəal iştirak etdiklərini vurğulayıblar. Qeyd olunub ki, bu gün Qarabağlı gənclərimiz ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edir, onun mədəniyyətini dünyaya tanıdırlar.
Daha sonra söz yaradıcı gənclərə verilmiş, onlar teatr, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, rəqs, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalda 100-ə yaxın gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Sonda bütün iştirakçılar diplomlarla təltif ediliblər.
AzNews.az