Yazıçı Anar narahatdır

"Kitab mağazalarının sayı azdır"



Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar ölkədə kitab mağazalarının sayının az olmasından narahatlığını bildirib. Trend-ə açıqlama verən yazıçı Anarın sözlərinə görə, Bakıda demək olar ki, kitab mağazaları yoxdur. Onların hamısı bağlanıb. Kitab mağazalarının sayının çox olmasını vacib sayan AYB sədri bildirib ki, Azərbaycanda insanların mütaliəyə marağını artırmaq üçün kitablar daha geniş şəkildə təbliğ olunmalıdır, kitab mağazalarında yazıçıların "İmza günləri" keçirilməlidir. "Bunu televiziya kanalları da geniş təbliğ etməlidirlər.

Televiziyalar yeni çıxan kitablar haqqında geniş məlumatlar verməlidir. Əvvəllər kitablar çıxanda AYB-yə bir nüsxə göndərilərdi. Bizim də kitabxanamız var idi. Ancaq indi bunu etmirlər", - Anar deyib. O əlavə edib ki, Yazıçılar Birliyinin AYB-nin binasının I mərtəbəsində "Bayatlı" kitab mağazasını açıb və burada "İmza günləri" keçirilib. AYB sədri "İmza günləri"nin kitab satışına təsir etdiyini vurğulayıb.

"Hər "İmza günü"ndə 70-100, aşağısı 50 kitab satılırdı. Bu işi yenə davam etdirəcəyik. Amma tək əldən səs çıxmaz. Başqa təşkilatlar da buna qoşulmalıdır. Mədəniyyət və Turizm Nazirliyi də kitab təbliğatına daha çox yer ayırmalıdır", - Anar bildirib.

AzNews.az