Ukraynanın xalq artisti Opera və Balet Teatrında

Ukraynanın xalq artisti Tatyana Boroviki Opera və Balet Teatrına dəvət alıb. T.Boroviki bir il müddətinə imzalanmış müqavilə əsasında teatrın balet truppası ilə ustad dərsləri keçəcək və məşğələlər aparacaq.

Opera və Balet Teatrının direktoru Akif Məlikov T.Borovikin dəvət olunmasını şərh edərək aşağıdakıları söyləyib: "Tatyana Borovik klassik balet sənətinin görkəmli ustadlarından biridir. Çoxsaylı titulları ilə yanaşı, o Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır. Eyni zamanda Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, onun balet truppası və aparıcı solistlərlə görəcəyi işlər balet truppasının professional səviyyəsinin yüksəlməsinə yardım edəcək".

Bahar Rüstəmli
AzNews.az