“Azdrama”da Yaşar Nuriyə sayğısızlıq: “Bıçaq sümüyə dirənib”

Bu gün Azərbaycanın sevilən sənətkarı, mərhum aktyor Yaşar Nurinin doğum günüdür.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibova AzNews.az-a açıqlamasında Yaşar Nurinin yoxluğunu dünən gecə saat 12-də hiss etdiyini dedi:



"Elə bilirdim ki, Yaşar bu saat "alo" deyəcək. Onun bir kəlmə "alo Fira" kəlməsinə ehtiyacım vardı. Yaşar böyük sənətkar, uzaqgörən biri idi. Nə deyirdi, o da olurdu. O, mənim üçün yaşayır. Mən nə qədər bu həyatda yaşayacam Yaşar Nuri Firəngizin ürəyində yaşayacaq. Yaşar mənim xatirələrimdədir, şəkili evimdə, gözümün önündədir. Ona təəssüf edirəm ki, ölməli olanlar qalır, amma düzlər, təmizlər ölür. Heyif".

F.Mütəlibovanın sözlərinə görə, belə böyük dahi sənətkar ömrünü verdiyi Akademik Milli Dram Teatrında anılmayıb:

"Heç nə olmadı, mənə bununla bağlı bir kəlmə də demədilər. Sənətkar ad günündə anılar. Teatrda qalmaqaldan baş açılır ki, aktyorun da doğum günü yada düşsün?"

Aktrisa deyir ki, teatrda yaranan vəziyyət 5 ildə mətbuata çıxmayan sənətkarları dillənməyə vadar edib:

"Baxın da, bıçaq boğaza dirənib, məsələ həll olunmalıdır. Sağ olsun dövlət başçımız, nazirimiz səsimizi eşitdi. İnanın mənə ki, mən o, insanı görməmək üçün teatra getmək istəmirəm. Mənim iş stajımdan aşağı təcrübəsi olan YUĞ teatrının savadsız rejissorunun mənim haqqımda söz deməyə nə ixtiyarı var? Heç bilmir ki, YUĞ nə vaxt yaranıb".

Xatırladaq ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. O, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. ...İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi.

İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az