Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

Dünya tarixçiləri ilk dəfə Azərbaycana yığışacaq

Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.



AzNews.az xəbər verir ki, konqres Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə 13-16 oktyabr 2015-ci il tarixində Gəncə şəhərində keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanının himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilib.

Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi bu konqresin mövzusu Atatürk və Türk mədəniyyət coğrafiyasında Qafqaz və ətrafına həsr edilib. VIII Beynəlxalq Atatürk Konqresi keçmişdən günümüzə Qafqaz və ətrafında, xüsusilə də Azərbaycanda mədəni, siyasi, iqtisadi inkişafın elmi əsaslarla araşdırılmasını nəzərdə tutur.

Konqresin Rəyasət Heyəti və Təşkilat Komitəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs və b. kimi nüfüzlü alimlər təmsil olunublar. Konqresin açılışında AMEA-nın prezidenti Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Azərbaycan Respublikası Prezidenti administrasiyasının rəsmi nümayəndələri, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və b. rəsmi şəxslərin çıxışı, iki gün ərzində isə 3 ayrı-ayrı bölmələrdə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, İtaliya, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Rusiya Federasiyasının Moskva şəhəri, Dağıstan, Adıgey ve İnquşetiya Respublikaları, Krım, Hindistan, Özbəkistan və Qazaxıstandan olan 89 alimin məruzəsi olacaq. Ümumilikdə konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcək. Konqresin sonuncu günü qədim Şəki şəhərinə gəzinti təşkil ediləcək.

AzNews.az