Fərqanə Qasımova bu ifası ilə xanəndələrə meydan oxuyacaq

Əməkdar artist Fərqanə Qasımova konsertə hazırlaşır.


O, oktyabrın 9-a təyin edilən konsertində Azərbaycanın 12 klassik muğamdan biri olan "Nəva" dəstgahını ifa edəcək.

Məlumat üçün bildirək ki, "Nəva" muğamı uzun illərdir ki, Azərbaycanda ifa olunmur. Bu günə kimi onu iki xanəndə Qəzənfər Abbasov və "İRS" Folklor Ansamblının nəzdində Əbülfət Oğuz ifa edib. Amma "Nəva" bu xanəndələrin heç birinin ifasında qəbul edilməyib. Xanəndələrin bəziləri çıxışında Azərbayacanın belə bir muğamının olmadığını, bəziləri isə onların ifasını sərt tənqiq edib.

F.Qasımova isə "Nəva"nı yenidən gündəmə gətirmək istəyir.

Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov AzNews.az-a açıqlamasında bildirib ki, Fərqanə Qasımovanın ifası "Nəva"nı Azərbaycan muğamlarının siyahısına salacaq: "Fərqanə xanımın bu muğamı öyrənib ortalığa çıxarması böyük bir cəsarət və qəhrəmanlıqdır. İndi onu tarix və xanəndələr necə qəbul edəcək, bunu zaman göstərəcək. Bu artıq Allahın qismətidir. Etiraf edim ki, bu saat "Nəva"nı mən özüm də oxuya bilmərəm. Çalışacağam ki, mən də bu muğamı öyrənim. Fərqanə xanım 7-8 ildən yuxarıdır ki, bu muğam üstündə işləyir. Ümid edirəm ki, Fərqanə xanımın ifası "Nəva"nı Azərbaycan muğamlarının siyahısına salacaq".

A.Qasımov vurğulayıb ki, F.Qasımovadan öncə "Nəva"nı İran xanəndəsinin ifasında eşidib: "İranlı xanəndə yaxşı oxuyub. Sidqi müəllim də bu muğamı hazırlayıb təqdim edib. Amma onun necə qarşılanmasından xəbərsizəm. Amma Fərqanə xanımın ifasından söhbət gedirsə, bu barədə Alim Qasımov fikrini deyə bilər. Fərqanə Qasımova "Nəva"nı oxuyub və ifası ilə də muğamların siyahısına əlavə edəcək. Mən bunu qızım olduğu üçün deyil, sənətkar kimi deyirəm".

A.Qasımov sonda dedi ki, vaxt tapıb "Nəva"nı mütləq öyrənəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az