“Harda əxlaqsız var, gəlib səhnəmizi zəbt edir”

Arif Səlimov: “Mən bu ölkədən heç nə gözləmirəm”



Bəstəkar Arif Səlimovun AzNews.az-a müsahibəsi:


- Mahnılarınız məşhur müğənnilərin repertuarındadır. Amma irəli gedə bilmirsiniz...

- Ya gərək, əxlaqsız olasan, ya soyunasan, ya da satqınlıq edəsən. Mən bunları bacarmıram. Sənətdə hər addım başı mənə mane olan var. O, kimdirsə, arxamca düşüb məni qarabaqara izləyir.

- Deyilənə görə, səni qarabaqara izləyən müğənni Aybəniz Haşımovadır...

-Bu barədə həmişə düşünürəm. Bir ölkədə ki, "bazar" göz qarşısındadır, əməkdar, xalq artisti fəxri adı, prezident təqaüdü, hətta dövlətin verdiyi evlər də pulla satılır, insanlardan hər şey gözləmək mümkündür. 40 ildir ki, canını fəda edən, özünü sənətə həsr edən sənətkarlar var ki, əməkdar və xalq artisti fəxri adlarını hələ də ala bilmirlər. Heç uzağa getməyək, götürək elə Gülyaz və Gülyanaq bacılarını. Onlar bu gün çox çalışıb, az yeyən insanlardandır. Mən onları müdafiə etmirəm. Amma haqqı demək lazımdır: insan necə yerə bölünə bilər? Nə vaxt baxırsan dövlət tədbirlərindədir. Özünü sənətə, səhnəyə həsr edən bu bacılar Heydər Əliyev Sarayında konsert verə bilmirlər.

-Versinlər də, bəyəm onların konsert verməsinə mane olanlar var?

-Elə deyil, icarə pulu və s. şeylər var. Açıqcası mən bu ölkədən heç nə gözləmirəm. Mənim də yaxşı bəstələrim var. Nə olsun ki, məni Röya, Aygün Kazımova oxumayıb. Bəyəm Azərbaycan musiqiləri Röya və Aygündən ölçülür? Əsla. Əsas odur ki, məni Gülyaz və Gülyanaq bacıları, Flora Kərimova, Nazpəri Dostəliyeva, Xumar Qədimova, Teymur Əmrah oxuyub. Əgər bu sənət adamları mahnılarımı oxuyubsa, deməli, mənim də hardasa bir haqqım var. Son vaxtlar bizim musiqi aləminin sakinləri yaman çoxalıb. İndi müğənnilər yağışdan sonrakı göbələklər kimi çıxır.
Ərindən ayrılan oxumaq istəyirlər. Arvadını boşayan səhnədədir. Küçələrdə qalıb, səfil-rəzil həyat tərzi keçirənlər səhnəyə çıxıb, oxumaq istəyir. Bu, səhnəyə hörmətsizlikdir. Tinlərdə 10 manata duranlar müğənni olmaq istəyir... Oxumaq oyuncaq deyil. Səhnə üçün savad, elm lazımdır, di-di-dən olmur. Onu nənəm də edər. Mən niyə təzə mahnılar yazdıra bilmirəm? Niyə bu təzə mahnıları ancaq ərindən boşananlar yazdıra bilir? Yaxud da onlar üçün yazdırırlar? Çünki bir mahnının ərsəyə gəlməsi üçün zaman vaxt və pul xərcləmək lazımdır. Ortaya keyfiyyətli bir şey çıxarmaq üçün işləməlisən. Sənət kəmiyyətlə ölçülmür, bu sənət pul tələb edir.

- "Bülbüllər"lə əlaqəniz varmı?

-Hə var. Oranın uşaqları mənə tez-tez müraciətlər edirlər.
İllər öncə mən Aybəniz xanım barəsində bir söz demişdim. İndi də o fikirdəyəm.
Hanı "Bülbüllər" qrupu? Haradadır o, "Bülbüllər"? Biz onları niyə görə və eşidə bilmirik? Bu gün o,"Bülbüllər"dən yalnız biri var. O, da Aybəniz Haşımovanın qızı Aynişan, bir də "Bübüllər"in anası Aybəniz Haşımova. "Aybəniz xanımın "Bülbüllər"i hamısı küçələrdədir. Bir neçəsi şəxsən mənə müraciət edib. Deyib ki, "Aybəniz xanım bizi küçənin ortasında buraxdı. Yetim kimi küçələrdə qaldıq". Əgər bir halda ki, ay Aybəniz xanım, siz onları küçələrdə qoyacaqdınız, niyə "doğurdunuz"? Onlar deyir ki, Aybəniz xanım qızından başqa heç kəsi görmür. Mənim də yolumu guya, o, qadın kəsir. O, məndən niyə narahat olmalıdır? Bülənt Ərsoyun otur-duruşunu Azərbaycanda təqdir edirlər. Amma onun elədiklərini heç kəs demir. Bunlar axşamlar türk kanallarına baxır onda gördüklərini səhər uşaqlara tətbiq edirlər.

-Aybəniz Haşımova "Bülbüllər"ə görə üsyana çıxdı, mətbuat konfransı keçirdi...

-Bildiyim bir şey var o da "Bülbüllər"in adından istifadə edib, irəli getmək, vəssalam. O qədər saf oldum ki, hər kəs məndən bir damla götürdü, ucaldı. Amma mən yerimdə saydım. Elə bəstəkarlar var ki, mahnı yazır, Xumar xanıma yalvarır ki, "nə olar, məni oxu". Hələ o, bəstəkar mahnını oxumaq üçün Xumar xanıma 5-10 mində pul verir.

Hamı bəstəkar, şair olmaq istəyir. Bunun axırı hara gedir? Bunlar bir yana, hamı indi də aparıcı, jurnalist olmaq isitəyir. Rəssamdır şəkil çəkir, amma çantasında satışda olmayan qəzetin vəsiqəsi çıxır. Nədir ki, üzümüzə hər yerdə qapı açılsın. Taleh Hacıyev adlı bir bəstəkar vardı, Şəfiqə Axundovanın oğlu "Görüşünə gəlmişəm"adlı mahnının müəllifi idi. Hanı, onu kim tanıyır? Talehin adı heç yerdə yoxdur. Bu cəmiyyətdə istedadsıza çox dayaq olurlar, nəinki istedadlıya. Artıq bu dünya arenasında təsdiqlənib. İstedadsızlar da əxlaqsız olduqları üçün sənətdən başqa hər şeydən xəbərləri var. Sonda da müğənni olurlar. Səhnəni döndəriblər əxlaqsız yuvasına. Olmaz belə. Mən şou dünyasını "Qurdlar vadisi"nə bənzədirəm. Xalq artistləri var ki, onları səsimlə döyərəm, ağlımla öldürərəm.

Bahar Rüstəmli
AzNews.az