"Ayağa qalxanda Vüqar yerişini itirdi..." "Ayağa qalxanda Vüqar yerişini itirdi..."

Tanınmış supermarketin kassirini öldürən şəxsin məhkəməsi

"Ayağa qalxanda Vüqar yerişini itirdi..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Əliyev elan olunan ittihamla özünü təqsirli bilib.

Sonra zərərçəkmiş qismində Kənan Səlimov ifadə verib. O, bildirib ki, hadisədən üç gün əvvəl “Araz” marketdən ayrılıb:

“Axşam əşyalarımı götürməyə getmişdim. Əvvəl marketdən kənarda Surxayla görüşdüm. Sonra marketin qabağında duran zaman Vüqar əsəbi halda bizə yaxınlaşdı, əlindəki binti mənə uzadıb, Surxayla marketin arxasına keçdi. Sonra onlar dalaşdılar, Vüqar altında olan Surxayı yumruqla vurmağa başladı. Tez gəlib, hər ikisini ayırdım.

Ayağa qalxanda Vüqar yerişini itirdi, mən də halsızlaşdım. Əlimi ayağıma aparanda qan gördüm. Sonra bildim ki, Surxay Vüqarı da, məni də bıçaqla vurub. Marketin qabağına gəlib, mühafizəçini çağırdı. Mühafizəçi də təcili tibbi yardım maşını çağırdı. Həkimlər gələndə Vüqarın öldüyünü dedilər, məni də xəstəxanaya apardılar”.

Zərərçəkmişin hüquqi varisi, Vüqar Hüseynzadənin atası digər zərərçəkmişə suallar verən zaman söyləyib ki, K.Səlimov “Araz” marketdən doqquz ay əvvəl ayrılıb.

K.Səlimov isə hadisədən 2-3 ay əvvəl marketə işə düzəldiyini, ora gələndə V.Hüseynzadə S.Əliyevi tanıdığını, hər iki şəxsin arasında yeməkxanada da mübahisə düşdüyünü vurğulayıb:

“Düzdür, onlar yeməkxanada mübahisə edən zaman orada olmamışam. Durduğu yerdə heç kəs heç kəsi bıçaqlamır. Yəqin ki, aralarında nəsə olub, ona görə də belə hadisə baş verib. Amma nə olduğunu bilmirəm. Surxay məni bilərəkdən vurmayıb. Onun da əlində bıçaq olduğunu əvvəl görməmişdim”.

Sualları cavablandıran K.Səlimov bildirib ki, özü “Araz” marketdə mühafizəçi, S.Əliyev balıq satan, mərhum V.Hüseynzadə isə kassir vəzifəsində çalışıb.

Proses yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə, V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

Azər
AzNews.az