MTN generalı yenidən məhkəmə qarşısında

Apellyasiya şikayətləri təmin edilməyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev kassasiya şikayətini geri götürüblər.

AzNews.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Əliyevin icraatında keçirilən prosesdə bildirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.

Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apellyasiya şikayətində bəraət istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.

Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.

Azər
AzNews.az