Dilənçiyə görə 2 nəfəri bıçaqladı

Bıçağı qorxutmaq üçün çıxarsa da, qan tökmək məcburiyyətində qalıb...

Gecə klubunda əyləndikdən sonra 2 nəfəri bıçaqlayan şəxs Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 126.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə məhkum olunan Sərxanbəyov Müzəffər Damət oğlunun məhkəmə prosesinə hakim Həsən Əhmədov sədrlik edəcək.

Xatırladaq ki, Müzəffər Sərxanbəyov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin mayında Müzəffər Sərxanbəyov paytaxtın Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib.

Mübahisə çöldə davam edərkən Müzəffər Sərxanbəyov əlini bıçağa atıb. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

İttihama münasibət bildirən Müzəffər Sərxanbəyov özünü qismən təqsirli bilib. Deyib ki, hadisə söyüş üstündə baş verib: “Həmin adamlar məni söydülər, üstümə hücum çəkdilər. Bıçağı qorxutmaq üçün çıxartdım, vurmaq məqsədim yox idi. Onlar yenə də söyüş söyərək, məni vurmağa təhrik etdilər”.

Müzəffər Sərxanbəyovun sözlərinə görə, əslində hadisəyə yolda dayanan dilənçi səbəb olub: “Hadisə günü mən klubun qabağında dayanmışdım. Bir dilənçinin ağladığını gördüm, soruşdum ki, sənə nə olub? Bu şəxslər də “sənin nə işinə qalıb, dilənçi niyə ağlayır?” deyə soruşdular. Mən isə onlara yolları ilə getməyi məsləhət gördüm, qulaq asmadılar. Buna görə aramızda mübahisə yarandı”.

Azər
AzNews.az