O, eskiz layihələri başqa adam vasitəsi ilə qəbul etdiyini deyir O, eskiz layihələri başqa adam vasitəsi ilə qəbul etdiyini deyir

Keçmiş icra başçısının qohumunun işi - Memar rüşvət almadığını bildirdi

O, eskiz layihələri başqa adam vasitəsi ilə qəbul etdiyini deyir

Rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Hacıyev ifadə verib.

Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işlədiyini deyən Ç. Hacıyevin sözlərinə görə, vətəndaş müraciəti əsasında layihə razılaşdırılandan sonra tikinti başlaya bilər. O, iş üzrə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib: "Mənim işim eskiz layihəsi çəkib, vətəndaşa təqdim etməkdir. Bu işlə bağlı bizə də müraciət olunub, razılaşma olduğu üçün icazə vermişik. Burada adı keçən Elsevər Rufullayev adlı şəxsi tanımıram. Şəxsən o adam mənə müraciət etməyib. Mənim fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb gəlib mənə məlumat verib. Bundan sonda layihə çəkilib".

Şahid ifadəsinin sonunda zərərçəkmiş şəxsin X. Məmmədova iş müqabilində hər hansı məbləğdə pul verdiyindən xəbərsiz olduğunu qeyd edib. Proses yanvarın 24-də davam etdiriləcək.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir. Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Azər
AzNews.az