Akif Çovdarovla bağlı ilginc iddia - məhbəsdən məktub

Sabiq idarə rəisini məhkəmə önündə vuran boksçudan şok iddialar

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarovun adı İrandan Azərbaycana narkotik daşıyan dəstənin himayəçisi kimi keçir. Bu haqda hazırda məhbəs həyatı yaşayan Astara rayon sakini Ramiz Qılman oğlu Babayev məktubunda ilginc iddialar ortaya qoyub. Boks üzrə əməkdar idman ustası, əməkdar məşqçi, 1-ci dərəcəli hakim, Boks üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı olan Ramiz Babayev 1993-cü ildən 1997-ci ilə kimi Azərbaycan boksunun ən güclü fiqurlarından biri olub.

Hazırda həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq təkrarçılıqla), 234.4.1 (bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin daşınmasını həyata keçirmək) və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik maddəni daşımaq) maddələri ilə ittiham olunaraq, 13 il müddətində azadlıqdan məhrum edilib. Ailəlidir, 3 uşağı var. Ramiz Babayev jamaz.info-ya göndərdiyi məktubunda qeyd edir ki, 7 avqust 2010-cu ildə Xətai Rayon Məhkəməsinə özünün əmlakı ilə bağlı qərarı almaq üçün gedibmiş. Məhkəmənin önündə çaxnaşma düşüb. Bir qrup adamın orada dayanmış maşınlara və adamlara hücum çəkdiyini görüb: “Əvvəl heç nə başa düşmədim. Birdən gördüm ki, bibim oğluna bir dəstə adam hücum edib, onu vururlar. Elə bildim ki, nəsə dava-dalaş düşüb, getdim ayıram. Sonra gördüm ki, bibim oğlundan savayı, bir neçə adama da beləcə hücum çəkib, döyürlər. Tez araya girib, onları aralamaq istədim. Hücum çəkənlər məni də vurmağa başladılar. Bu dəm, mən də hücum edənləri vurmağa başladım. Üzərimə bağıra-bağıra, üstəlik, nalayiq söyüşlər söyərək gələn yaşlı bir nəfər hücum çəkəndə, ona da bir yumruq atdım, amma tutmadı. Azca əlbəyaxa olduq, araya salıb yaxşı bir sillə çəkdim qulağının dibindən” - deyə əməkdar məşqçi məktubunda yazır. Qeyd edir ki, bundan sonra bir dəstə adam onun üzərinə tökülüşüb, onu “zərərsizləşdiriblər”. Və ardından da MTN-ə aparıblar.

Əməkdar məşqçi orada bilib ki, vurduğu adam MTN generalı Akif Çovdarovdur: “Mənə dedilər ki, vurduğun sillənin hesabını çox ağır şəkildə ödəyəcəksən. Elə dedikləri kimi də oldu. Düz, 6 ay məni MTN-in təcridxanasında saxladılar. Demək olar ki, hər gün döyürdülər. Üstəlik, məni narkotik maddə satmaqda ittiham etdilər. Boynuma qoymaq istədilər ki, guya mənim üzərimdən 12 kq həşiş çıxıb. Həmin narkotiki də bir qrup adamla birləşib İrandan gətirmişəm”.

Ramiz Babayev deyir ki, onu cəzalandırmaq üçün dayısı İlqar Babaşovu, bibisi oğlu Vüsal Quliyevi və ən yaxın dostu Zahir Qarayevi həbs ediblər: “Bizdən ”dəstə" düzəltmişdilər. İddia edirdilər ki, guya biz birləşərək İrandan Azərbaycana narkotik daşıyırıq. Bunun hamısı yalan idi. İşin içində iki məsələ var idi. Birincisi, Akif Çovdarovu vurmuşdum. İkincisi, Akif Çovdarovun İrandan narkotik daşıyan adamı Rövşən Pərviz oğlunu deşifrə eləmişdim. Bunu da MTN-də biləndən sonra daha şiddətlə döyməyə başladılar".

çovdarov ile ilgili görsel sonucu

Əməkdar boksçu məktubunda Rövşən Pərviz oğlunu deşifrə etməsini belə nəql edir: “Astaraya, ata ocağına gedərkən qohum-qonşular şikayət edirdilər ki, cavanlar məhv olurlar. Cavan uşaqlar narkotikə qurşanıb, həyatlarını da, ailələrini də məhv edirdilər. Yaxınlarım məndən xahiş edirdi ki, məsələni tanıdığım yüksək vəzifəli şəxslərə çatdırım. Onlar tədbir görsünlər. Araşdırmağa başladım və öyrəndim ki, İrandan Azərbaycana narkotik daşıyan konkret adam var. Onun Rövşən olduğunu öyrəndim və onunla görüşməyə çalışdım. Nəhayət, günlərin birində qarşılaşdıq. Rövşəni bir xeyli tənbeh elədim. Ondan tələb elədim ki, bu işlərindən əl çəksin. Cavabı bu oldu ki, ona heç kim toxuna bilməz, çünki arxasında general dayanır. Bir qədər araşdırdıqdan sonra dəqiqləşdirdim ki, Rövşəni himayə edən general Akif Çovdarovdur. Bu adam İrandan narkotik gətizdirirdi. Əvvəlcə narkotik gətizdirdiyi adamı şirnikləndirirdi, bir neçə dəfədən sonra adını MTN-ə verirdi ki, tutsunlar. Hazırda Rövşənin əli ilə həbsdə yatan adamların sayı onlarladır”.

Ramiz Babayev yazır ki, məhkəmədə dəfələrlə Rövşən Pərviz oğlunun gətirilməsini tələb etsə də, onun vəsatətlərinə məhəl qoyulmayıb: “Hətta deyirdilər ki, o adamın adını çəkmə. Yoxsa daha ağır cəza alarsan”.

Sonradan məlum olub ki, Akif Çovdarov həbs edildikdən sonra Rövşən Pərviz oğlu ölkədən qaçıb. Onun hazırda harada olduğu da bilinmir.

“Mən nə narkotik satmışam, nə də onun istifadəçisi olmuşam. Günahsız yerə həbs olunmuşam. Elə ona görə də nə əfv ərizəsi yazıram, nə də bu qəbildən olan hər hansı bir addım atmaq istəyirəm. Mən haqqımı tələb edirəm. İşimi yenidən araşdırsınlar və o zaman günahsız olduğum üzə çıxacaq. Ona görə də ölkə rəhbərliyindən, bu işə məsul olan dövlət qurumlarına müraciət edərək, onlardan xahiş edirəm ki, mənimlə bağlı məsələyə yenidən baxsınlar və azadlığa buraxılmağımı təmin etsinlər. Hansısa cinayətkar bir generalın hikkəsinə qurban getmişəm” - deyə əməkdar boksçu məktubunda yazır. (Musavat.com)

AzNews.az