Azərbaycanda ictimai iaşə xidmətləri 2 dəfə azalıb

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.

Bu barədə AzNews.az-a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycanla qonşu dövlətlər arasındakı sərhəddə məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə, 13,0 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olub.

Bu ilin oktyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin oktyabr ayı ilə müqayisədə 2 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 605 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,4 %-i hüquqi şəxslərin, 53,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 278,8 milyon manat olub.