Neft 2045-ci ilədək ən çox tələbat olan yanacaq olaraq qalacaq - PROQNOZ

Proqnoza görə...

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ilədək qlobal enerji mənbələrinə olan tələbatın 28% artacağını, burada neftin payının 2 faiz bəndi azalacağını, qazın payının isə 1 faiz bəndi yüksələcəyini proqnozlaşdırır.

Bu barədə "Apa-Economics" OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2020-ci ildə neft ekvivalentində qlobal enerji mənbələrinə olan gündəlik tələbat 275,4 mln. barel təşkil edib, lakin 2045-ci ilədək bu göstəricinin 352 mln. barelədək yüksələcəyi ehtimal edilir. Beləliklə, bütün proqnoz dövrü üçün sözügedən göstəricinin 76,6 mln. barel və ya 27,8% artacağı gözlənilir.

Proqnoza görə, qlobal enerji balansının strukturunda birinci yer cüzi azalma ilə də olsa neftə məxsus olaraq qalacaq. Belə ki, 2020-ci ildə bu göstərici 30% təşkil edirdisə, 2045-ci ildə onun 28,1% səviyyəndə olacağı proqnozlaşdırılır. Bu dövrdə gündəlik tələbatın fiziki artım səviyyəsi neft ekvivalentində 16,5 mln. ton təşkil edə bilər.

Bununla birlikdə, təşkilat qlobal enerji balansının strukturunda ikinci yer üzrə dəyişiklikləri proqnozlaşdırır. Proqnoza əsasən, 25 ildən sonra bu strukturda qaz kömürü inamla keçəcək.

Qeyd olunur ki, ötən il kömürün qlobal enerji balansında payı 26,5%, qazın isə 23,3% təşkil edib. Proqnoza görə, 2045-ci il üçün kömürün strukturda payı 17,4% səviyyəsində olacaq, yəni 2020-ci ilin göstəricisi ilə müqayisədə 9,1 faiz bəndi enəcək. Belə ki, hesabat dövründə kömür istehlakı neft ekvivalentində gündəlik 11,7 mln. barel azalacaq.

Həmçinin ehtimal edilir ki, qazın qlobal enerji balansında payı 2020-ci illə müqayisədə 1,1 faiz bəndi, istehlakı isə neft ekvivalentində gündəlik 21,6 mln. barel artacaq.