2023-cü ilin dövlət büdcəsi layihəsi hazırlanacaq

Bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb

2023-cü ilin dövlət büdcəsi layihəsi hazırlanacaq.

Aznews.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.

Maliyyə Nazirliyi 2023-cü ilin və 2026-cı ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2026-cı ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2023-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, Nazirliyi isə Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2022-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.