- Pullu iş
- 15:28
- 956
"Ümid" yatağının işlənməsinin ikinci mərhələsinin başlanma müddəti açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin 2027-ci ilə qədər başlanması gözlənilir.
Bu barədə “Report” "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, "Ümid" Azərbaycana 2030-cu ilə qədər ildə 8 milyard kubmetr əlavə qaz hasilatı təmin edəcək yataqlar sırasına daxil edilib.
"2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir", - Azərbaycan Prezidenti İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində qeyd edib.
“Fitch”in məlumatına görə, Azərbaycanda 2025-ci ildə təbii qaz hasilatının 50,3 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Bu artıma AÇG yatağında dərin qaz (deep gas) layihəsi çərçivəsində hasilatın başlanması təkan verəcək. Agentliyin analitikləri, 2026-cı ildə isə bu göstəricinin bir qədər azalaraq 49 milyard kubmetr olacağını gözləyirlər.
Aprelin 1-nə olan məlumata görə, "Ümid" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ümumilikdə 11,2 milyard kubmetr qaz və 1,65 milyon ton qaz kondensatı hasil edilib.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. Yataq 2012-ci ildə istismara verilib.
İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.