- Pullu iş
- 14:38
- 859
Vergi daxilolmalarında qeyri-neft sektoru liderliyə yüksəlir? - ŞƏRH

2025-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının nəzərəçarpacaq dərəcədə artması iqtisadiyyatın strukturunda baş verən keyfiyyət dəyişikliklərinin mühüm göstəricisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ilin ilk yarısında dövlət büdcəsinə 8 milyard 703,7 milyon manat məbləğində vergi daxil olub və bu, qarşıya qoyulmuş büdcə proqnozunun 105,7 faiz icra edildiyini göstərir. Bu göstərici həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə 421,6 milyon manat və ya 5,1 faiz artım deməkdir.
Vergi daxilolmalarının strukturunda xüsusilə diqqət çəkən məqam qeyri-neft-qaz sektorunun üstün mövqeyə sahib olmasıdır. Belə ki, qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib və proqnozun icra səviyyəsi 103,6 faizə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə artım 546,8 milyon manat və ya 9,3 faiz olub. Vergi daxilolmalarının ümumi strukturunda qeyri-neft-qaz sektorunun payının artıq 73,8 faizə yüksəlməsi iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dayanıqlılığı istiqamətində həyata keçirilən tədbirlərin real nəticələr verdiyini təsdiqləyir.
Neft-qaz sektoru üzrə büdcə daxilolmalarının payının 26,2 faiz səviyyəsində olması isə iqtisadiyyatın enerji gəlirlərindən asılılığının getdikcə azalması və bunun yerinə qeyri-neft sahələrinin inkişafının dayanıqlı tendensiyaya çevrildiyini nümayiş etdirir. Bu hal, eyni zamanda Azərbaycanın iqtisadi siyasətinin prioritetlərinin uğurla həyata keçirildiyini, iqtisadi artımın daxili bazarda real sektorun və xüsusilə də qeyri-neft sahələrinin canlanmasına əsaslandığını əyani şəkildə ortaya qoyur.
Digər tərəfdən, vergi daxilolmalarındakı artım fiskal siyasətdə aparılan islahatların, vergi inzibatçılığında şəffaflığın artırılması və rəqəmsal texnologiyaların tətbiqi kimi effektiv mexanizmlərin də nəticəsidir. Rəqəmsal texnologiyalar vasitəsilə vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, kölgə iqtisadiyyatına qarşı görülən tədbirlər və vergi bazasının genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətlər qeyri-neft sektorunun iqtisadi inkişafının maliyyə sabitliyinə çevrilməsinə imkan yaradıb.
Eyni zamanda, vergi daxilolmalarındakı bu müsbət tendensiya sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə resursların yaranması baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə də işğaldan azad edilən ərazilərdə aparılan irimiqyaslı yenidənqurma işlərinin daha sürətli şəkildə davam etdirilməsi üçün maliyyə bazasının gücləndirilməsi baxımından vergi daxilolmalarının bu səviyyədə artımı strateji əhəmiyyətə malikdir.
Bununla belə, vergi siyasətində əldə edilən bu nailiyyətlərin davamlılığının təmin edilməsi üçün iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes mühitinin daha da əlverişli hala gətirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və vergi yükünün optimal səviyyədə saxlanılması vacibdir. Vergi daxilolmalarının artmasının davamlı olması iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, həm də vergi ödəyiciləri ilə dövlət arasında etimad mühitinin daha da gücləndirilməsindən asılıdır.
Ümumilikdə, 2025-ci ilin ilk yarısında qeydə alınan vergi daxilolmalarındakı müsbət dinamika Azərbaycanın iqtisadi siyasətində strateji hədəflərin reallaşdırılması üçün mühüm təməl formalaşdırır. Bu baxımdan, yaxın dövr üçün əsas çağırış iqtisadi siyasətin mövcud pozitiv dinamikanı qoruyub saxlamaq və iqtisadi artımı daha geniş sosial-iqtisadi inkişafa çevirəcək effektiv mexanizmlərlə tamamlanmasından ibarətdir.
Nuray,
Aznews.az