Azərbaycan və Vyetnam iqtisadi əməkdaşlığı yeni mərhələyə keçir - ŞƏRH

Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının ilk iclası və Hanoyda keçirilmiş biznes forumu çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair beş sənədin imzalanması, strateji iqtisadi dialoqun yeni mərhələsinə keçidin göstəricisi kimi qiymətləndirilə bilər. AZPROMO və Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında bağlanmış müqavilə biznes dairələri arasında sistemli əlaqələrin qurulması və qarşılıqlı investisiyaların təşviqi baxımından əsaslı baza rolu oynayacaq. Bu çərçivədə təşkil olunan forumda energetikadan kənd təsərrüfatına qədər müxtəlif sahələr üzrə ikitərəfli maraqlar səsləndirilib.

Aznews.az şərh edir ki, imzalanan sənədlərin tərkibi təkcə siyasi iradənin göstəricisi deyil, həm də iki ölkənin iqtisadi strukturlarının bir-birini tamamlayan xüsusiyyətlərə malik olduğunu göstərir. Vyetnamın tekstil və ərzaq sənayesi üzrə iri şirkətləri ilə Azərbaycanın istehsalçı və distribyutor müəssisələri arasında qurulan əməkdaşlıq formatı, bir tərəfdən Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarına çıxış imkanlarını genişləndirə bilər, digər tərəfdən isə ölkə daxilində istehsal və logistika potensialını artırmaqla məşğulluq və əlavə dəyər yaratma baxımından real iqtisadi töhfə verə bilər.

Xüsusilə vurğulanmalı məqam isə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın ROX Group şirkəti arasında imzalanmış anlaşma sənədidir. Bu əməkdaşlıq, Azərbaycanın yaşıl enerji gündəliyində beynəlxalq tərəfdaşlıq müstəvisinin genişləndiyini göstərir. Azərbaycanın "yaşıl artım" konsepsiyası çərçivəsində həyata keçirdiyi layihələrə beynəlxalq marağın olması və Vyetnam kimi dinamik iqtisadiyyata sahib ölkənin bu təşəbbüslərdə tərəfdaş olaraq çıxış etməsi, uzunmüddətli enerji təhlükəsizliyi və texnologiya transferi baxımından mühüm platforma formalaşdıra bilər.

Ümumilikdə, Azərbaycan-Vyetnam biznes əməkdaşlığının intensivləşdirilməsi, Azərbaycanın Asiya bazarlarında daha fəal iqtisadi aktora çevrilməsi istiqamətində mühüm addımlardan biri kimi görünür. Əgər bu çərçivədə planlaşdırılan investisiya və ticarət layihələri reallaşarsa, iki ölkə arasında iqtisadi dövriyyənin həcmi və keyfiyyəti yeni mərhələyə keçə bilər.

Nuray,

Aznews.az

image description image description image description