- Pullu iş
- 7 Avqust 21:51
- 1 173
Çin şirkətinin “Middle Corridor” platformasına daxil olması tranzit potensialı üçün dönüş nöqtəsidir - ŞƏRH

Bakıda keçirilən növbədənkənar səhmdar yığıncağında “Middle Corridor Multimodal Ltd” adlı birgə müəssisəyə Çin Dəmir Yolu Konteyner Daşımaları MMC-nin qoşulması rəsmiləşib. Bu qərar Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu operatorlarının təşəbbüsü ilə qurulan platformaya yeni qlobal tərəfdaşın daxil olması deməkdir. Məlumata əsasən, Çin şirkətinin iştirakı ilə Dəhlizin səmərəliliyi artırılacaq, konteyner qatarlarının hərəkət müddətinə nəzarət güclənəcək və yeni koordinasiya mexanizmləri tətbiq olunacaq.
Bu strateji addım yalnız regional deyil, həm də qlobal yükdaşıma və ticarət şəbəkələri baxımından ciddi önəm daşıyır. Çin kimi iri istehsal və ixracat mərkəzinin “Middle Corridor Multimodal Ltd” çərçivəsinə cəlb olunması təkcə Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaqla kifayətlənmir, həm də Avropa və Asiya arasında alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasında mühüm dönüş yaradır. Bu, xüsusilə hazırkı geosiyasi şərtlərdə, Şimal Dəhlizindəki qeyri-müəyyənlik fonunda daha sabit, çevik və iqtisadi baxımdan sərfəli alternativ axtarışında olan yükdaşıyıcılar üçün yeni imkanlar vəd edir. Qeyd olunmalıdır ki, Çin şirkətinin dəstəyi ilə konteyner axınının planlaşdırılması və icrasında rəqəmsallaşma daha geniş vüsət alacaq. Bu isə prosesi daha şəffaf, izlənəbilən və çevik edir. Marşrutun idarə olunmasında iştirak edən ölkələr arasında məlumat mübadiləsinin operativliyi və xidmət səviyyəsinin sabitliyi beynəlxalq yükdaşımaların dayanıqlığı üçün əsas şərtlərdəndir. Burada məqsəd qatarların yola salınma müddətini standartlaşdırmaq və qrafik sabitliyini təmin etməkdir ki, bu da qlobal daşımalar üçün etibarlı planlama imkanı yaradır.
Bundan əlavə, platformaya Çin tərəfinin cəlb olunması “Bir kəmər, bir yol” təşəbbüsünün Orta Dəhliz istiqamətində daha fəal şəkildə icrasına şərait yaradır. Beləliklə, bu marşrut artıq təkcə region ölkələrinin deyil, eyni zamanda Çin kimi qlobal oyunçuların strateji diqqət mərkəzinə daxil olur. Bu fakt özü “Middle Corridor Multimodal Ltd” layihəsinin beynəlxalq miqyasda nüfuz qazanmasına və kapital, texnologiya, logistika təcrübəsinin inteqrasiyasına təkan verəcək.
Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətləri tərəfindən təsis edilən bu vahid operator modelinin özəlliyi ondan ibarətdir ki, marşrutun bütün seqmentləri üzrə tənzimləmə, koordinasiya və kommersiya qərarları bir mərkəzdən qəbul olunur. Bu yanaşma yüklərin çevik və sərhəddə minimum gecikmə ilə daşınmasını mümkün edir. Çin tərəfinin bu strukturun daxilində yer alması isə onun kommersiya, texniki və strateji potensialını daha da genişləndirəcək. Hazırkı mərhələdə Orta Dəhliz çərçivəsində “darboğaz” adlandırılan texniki və inzibati problemlərin aradan qaldırılması üzrə Yol Xəritəsi üzərində birgə işlənməsi də çox vacib element kimi çıxış edir. Bu, həm sahəvi həm də hökumətlərarası koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bakıdakı görüşdə məhz bu istiqamətdə müzakirələrin aparılması və razılaşmaların əldə olunması göstərir ki, tərəflər yalnız hazırkı potensialla kifayətlənmək niyyətində deyillər, həm də davamlı inkişaf üçün sistemli mexanizmlər yaratmaq istəyirlər.
Beləliklə, “China Railway Container Transport” şirkətinin “Middle Corridor Multimodal Ltd” daxilində iştirakı, Orta Dəhlizin yalnız Asiya və Avropa arasında coğrafi keçid deyil, eyni zamanda beynəlxalq ticarətin yeni iqtisadi arxitekturasında dayanıqlı rol oynayan rəqabətədavamlı platformaya çevrilmək istiqamətində mühüm irəliləyişidir.
Nuray,
Aznews.az