- Pullu iş
- 8 Avqust 20:38
- 1 246
Bank sektorunda sabitlik - ŞƏRH

Azərbaycan bank sektorunda son illərdə müşahidə olunan ən mühüm dəyişikliklərdən biri kredit portfellərində dollarlaşmanın kəskin azalmasıdır. “Moody’s Ratings”in məlumatına görə, 2020-ci ildə xarici valyutada olan kreditlərin payı 30 faizə yaxın olduğu halda, hazırda bu göstərici 15 faiz səviyyəsinə enib. Bu dəyişiklik təkcə statistik rəqəm deyil, bank sektorunun valyuta risklərini idarə etməkdə qazandığı irəliləyişin real göstəricisidir. Eyni zamanda, problemli kreditlərin payı da tarixdə ilk dəfə belə aşağı səviyyəyə düşüb. 2021-ci ildə 4 faiz olan bu göstərici 2025-ci ilin ortalarında 2,8 faizə qədər azalıb. Bu nəticəyə pərakəndə, kiçik və orta biznes kreditləşməsinin genişlənməsi, makroiqtisadi sabitlik və əhalinin gəlirlərinin artması mühüm təsir göstərib. İyul ayının əvvəlinə bankların ümumi kredit portfeli 28,472 milyard manat olub ki, bunun cəmi 14,58 faizi xarici valyutada verilib. Depozit portfelində isə dollarlaşma hələ də yüksəkdir və 40,75 faiz təşkil edir.
Kreditlərin milli valyutada verilməsinin artması müştərilərin ödəmə qabiliyyətini qorumağa, valyuta məzənnəsindəki dəyişikliklərin borcların qaytarılmasına təsirini azaltmağa kömək edir. Bu, problemli kreditlərin azalmasında da özünü göstərir. Portfel strukturunda pərakəndə və KOB seqmentinin payının artması risklərin yalnız müəyyən sahələrdə toplanmasının qarşısını alır. Beləliklə, kreditlər iqtisadiyyatın müxtəlif sahələrinə yayılır və bank sektorunun risk profili daha sabit olur.
Makroiqtisadi sabitlik və xüsusilə qeyri-neft sektorundakı davamlı artım, əhalinin gəlirlərində yüksəliş və məşğulluğun artması borcalanların ödəniş intizamını qoruyan əsas amillərdir. Bu amillər həm bankların maliyyə dayanıqlığını möhkəmləndirir, həm də beynəlxalq reytinqlərdə müsbət qiymətləndirmələr üçün zəmin yaradır. Valyuta risklərinin azalması bankların kapital adekvatlığını da dəstəkləyir, çünki milli valyutada verilən kreditlər məzənnə dəyişikliklərindən daha az təsirlənir.
Bununla belə, depozitlərdə dollarlaşmanın hələ də 40 faizi aşması diqqətdən kənarda qalmamalıdır. Əhalinin və biznesin yığımlarda xarici valyutaya üstünlük verməsi müəyyən qədər psixoloji səbəblərlə, müəyyən qədər isə keçmiş təcrübələrdən qaynaqlanır. Lakin son illərdə manatın məzənnəsinin qorunması və inflyasiyanın idarəolunan səviyyədə saxlanılması milli valyutada əmanətlərin artması üçün əlverişli mühit yaradır. Əgər bu tendensiya davam edərsə, bankların valyuta mövqeyi daha balanslı olacaq, likvidlik idarəetməsi isə daha sabit əsaslar üzərində qurulacaq.
Ümumilikdə, son göstəricilər göstərir ki, Azərbaycan bank sektoru son illərdə risklərin idarə olunması və dayanıqlılıq baxımından mühüm mərhələ keçib. Dollarlaşmanın azalması, problemli kreditlərin tarixi minimuma enməsi və kreditlərin daha geniş sahələrə yayılması yalnız maliyyə sabitliyini möhkəmləndirmir, həm də iqtisadi inkişafın davamlılığını dəstəkləyir. Bu müsbət tendensiyaların davamı üçün makroiqtisadi sabitlik, milli valyutada maliyyə məhsullarının cəlbediciliyi və risklərin diversifikasiyası istiqamətində ardıcıl addımlar vacibdir. Nəticədə, Azərbaycan bank sistemi təkcə yerli bazarda deyil, beynəlxalq maliyyə arenasında da etibarlı və güclü mövqeyini möhkəmləndirə bilər.
Nuray,
Aznews.az