AMB kredit məlumatlarının təqdim edilmə qaydalarını dəyişdi - ŞƏRH

Azərbaycan Mərkəzi Bankı kredit təşkilatlarının borcalanlarla bağlı məlumatları Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim etmə qaydalarında mühüm dəyişikliklər edib. Yeni qaydalara əsasən, artıq yeni kreditlər və onların ödənişləri barədə məlumatlar növbəti bir iş günü ərzində reyestrə daxil ediləcək. Digər məlumatlar, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlar istisna olmaqla, hər ayın sonuna olan vəziyyətə görə növbəti ayın ilk dörd iş günü ərzində təqdim olunacaq. Maliyyə vəziyyətini əks etdirən hesabatlar isə təqvim ili ərzində ən azı bir dəfə reyestrə ötürüləcək. Bundan başqa, reyestrdəki məlumatlara düzəliş imkanı genişləndirilib və artıq həm məlumat təchizatçılarının öz təşəbbüsü, həm də onların elektron müraciəti əsasında dəyişikliklər edilə biləcək. Eyni zamanda, bir kredit üzrə bir neçə birgə borclu olduqda, həmin kredit məbləği hər bir borclu üzrə tam həcmdə qeyd olunacaq. Dəyişikliklər banklar üçün altı ay, bank olmayan kredit təşkilatları və kredit ittifaqları üçün isə doqquz ay sonra qüvvəyə minəcək və qüvvəyə mindikdən sonra mövcud bütün ödənilməmiş kreditlərə şamil ediləcək.

Bu dəyişikliklər kredit məlumatlarının operativliyini, dəqiqliyini və şəffaflığını artırmaq məqsədi daşıyır. Yeni mexanizm maliyyə sektorunda informasiya axınının sürətlənməsinə, borcalanların kredit tarixçəsinin daha aktual vəziyyətdə saxlanmasına imkan verəcək. Məlumatların reyestrə bir iş günü ərzində daxil edilməsi, bank və kredit təşkilatlarının risklərin idarə edilməsi prosesində daha çevik qərar verməsinə şərait yaradacaq. Xüsusən kredit portfellərinin keyfiyyətinin izlənməsi, gecikmələrin vaxtında aşkarlanması və borcalanların maliyyə intizamının qiymətləndirilməsi baxımından bu yeniliklərin əhəmiyyəti böyükdür.

Düzəliş mexanizminin sadələşdirilməsi də praktiki üstünlüklər təqdim edir. İndiyə qədər yalnız yazılı müraciət və məhkəmə qərarı əsasında edilən dəyişikliklərin, artıq elektron müraciətlərlə də mümkün olması bank-müştəri münasibətlərində vaxt itkisini azaldacaq, prosesləri rəqəmsal mühitdə daha çevik idarə etməyə imkan verəcək. Bu, eyni zamanda kredit məlumatlarının reallığa uyğunluğunu təmin edərək, səhv və uyğunsuzluqların operativ şəkildə aradan qaldırılmasına kömək edəcək.

Birgə borclularla bağlı qaydanın dəyişdirilməsi isə kredit risklərinin qiymətləndirilməsində daha konservativ yanaşmanı əks etdirir. Hər bir birgə borclunun kredit üzrə öhdəliyinin tam məbləğdə qeyd edilməsi, borcalanların digər maliyyə öhdəlikləri ilə birlikdə ümumi risk profilinin daha real şəkildə görünməsini təmin edir. Bu, həm borcalanların məsuliyyətini artırır, həm də kredit təşkilatlarına risklərin düzgün idarə olunması üçün əlavə məlumat bazası yaradır.

Yeni qaydalar qüvvəyə mindikdən sonra kredit bazarında məlumat mübadiləsinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq. Bu, maliyyə sektorunda risklərin diversifikasiyası və sağlam kreditləşmə mühitinin formalaşmasına xidmət edəcək. Eyni zamanda, borcalanların kredit tarixçələrinin daha şəffaf və aktual olması, onların maliyyə bazarına çıxış imkanlarını da gücləndirəcək.

Nuray,
Aznews.az