- Siyasi müzakirə
- 6 Noyabr 2018 16:47
- 4 486
“İran daha da aqressivləşəcək” – Araz Aslanlı ilə MÜSAHİBƏ

"Rusiya heç vaxt İranı müdafiə etməyib"
Siyasi şərhçi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı AzNews.az-a müsahibəsində ABŞ-ın İrana qarşı sanksiyalarını şərh edib.
- Araz bəy, ABŞ-ın İrana qarşı sanksiyaları artıq qüvvəyə minib. Sizcə, bu proses İran və region dövlətlərinə necə təsir edəcək?
- 1979-cu ildəki proseslərdən sonra İranla ABŞ, İranla Qərb arasında mütəmadi olaraq fərqli mövzular üzrə gərginliklər yaranıb. Bu gərginliklər də İrana müxtəlif aspektli sanksiyaların tətbiqi ilə nəticələnib. Hazırda gündəmdə olan məsələ isə İranın Nüvə Proqramı ilə bağlı sanksiyaların bir parçasıdır. Belə sanksiyalar əvvəlki illərdə tətbiq olunmuşdu, İrana müxtəlif məhdudiyyətlər qoyulmuşdu. Amma onun ən sərt forması 2011-ci ildə nüvə danışıqları dayandırılandan sonra başlanan hissə idi. Bu da dünyada ciddi iqtisadi böhrana səbəb oldu. Bu məsələ təkcə İran üçün yox, İranla enerji münasibətlərinə sahib olan digər ölkələr üçün də problem yaratdı.
Ondan sonra İran və 5+1 ölkələri razılığa gəldi və münasibətlər qismən yumşaldı. Düzdür, sanksiyalar tam qaldırılmamışdı, amma tam aradan qaldırılması üçün proqram müəyyənləşdirilmişdi. Yəni müsbət proseslər gedirdi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra bu prosesi dayandırmağa qərar verdi. Tramp adminsitrasiyasının düşündüyü odur ki, bu proses oların arzuladığı nəticəni yaratmır. Ona görə də İranla daha sərt davranmağı qərara alıblar.
Bu sanksiyaların İrana, regiona və dünyaya mütləq təsirləri olacaq. İranın xarici ticarət əlaqələrinin, eləcə də enerji münasibətlərinin məhdudlaşdırılması bu ölkənin iqtisadi durumunu daha da pisləşdirəcək. Onsuz da son dövrdə İranda sosial-iqtisadi məsələlər gündəmdə idi. Əvvəlki sanksiyalarda düşünülürdü ki, İran öz siyasətini yumşaldacaq, güzəştlərə gedəcək. Amma bu, İranın daha da aqressivləşməsinə səbəb oldu. Sosial-iqtisadi sahəyə ayırdığı vəsaiti azaltdı, amma hərbi təhlükəsizlik istiqamətində xərclədiyi vəsaiti azaltmadı. Suriyada, İraqda və Yəməndəki fəaliyyətini azaltmadı. Ona görə bir yanaşma da budur ki, bu sanksiyalar İranın yumşalmasına yox, daha da aqressivləşməsinə xidmət edəcək.
İranda tətbiq olunan sanksiyalar istər-istəməz regiondakı ümumi atmosferə təsir edir. Bu zərərin hansı səviyyədə olacağı İranla münasibətlərin xarakterindən və ABŞ-ın bu ölkələrə münasibətindən asılıdır. Ola bilər ki, ABŞ-ın İrana qarşı sanksiyaları əvvəlkilərlə müqayisədə daha yumşaqdır. Amma o sanksiyalar İrana xeyli zərər vermişdi, ölkə dirçəlməyə çalışırdı, tam dirçəlmədən, növbəti bir sanksiya başlayır deyə, bunun təsiri daha ciddi ola bilər.
- Bəs bu sanksiyalardan dolayı, qonşu ölkələr özlərini necə aparmalıdırlar?
- Bu sanksiyalarla bağlı bütün qonşu ölkələrin, xüsusən də Rusiyanın, Türkiyə və Azərbaycanın da mövqeyi aydındır. Azərbaycan qonşuluğun ruhuna uyğun olan bir yanaşma nümayiş etdirir. Əvvəlki sanksiyalar zamanı da Azərbaycan və Türkiyə bəyan eləmişdi ki, bizim üçün qonşuluq münasibətləri əhəmiyətlidir. Bununla belə, Azərbaycan, İran və Rusiyanın iştirakı ilə reallaşdırılması planlaşdırılan elə layihələr ola bilər ki, Azərbaycan müəyyən məhdudiyyətlər tətbiq etməyə məcbur qalar. Çünki Azərbaycan bir İrana görə bütün beynəlxalq iqtisadi münasibətləri poza bilməz. Xüsusən də bank və maliyyə əməliyyatları ilə bağlı... Amma Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək layihələri barədə heç bir gərginlik ola bilməz. Çünki ABŞ-ın öz enerji təhlükəsizliyindən əlavə, Avropanın enerji təhlükəsizliyi də onun üçün milli təhlükəsizlik məsələsidir. Ona görə də burada nəzərdə tutulan əsas məsələ hansısa ölkədən birbaşa asılılığın azaldılmasıdır ki, bunda da əksər hallarda Rusiya nəzərdə tutulur. Məqsəd İranı cəzalandırarkən Rusiyanı mümkün qədər az mükafatlandırmaqdır.
- ABŞ-ın bu müdaxilələri sanki bölgədə Rusiyanın təsirlərini azaltmağa xidmət edir. Sizcə, bu məsələdə Rusiya necə davranacaq?
- Rusiya sırf regional məsələlərlə bağlı daha çox təhlükəyə malikdir, nəinki Amerika Birləşmiş Ştatları. O regional məsələlər ki, qlobal xarakter daşıyır, orada ABŞ öz mövqeyini qəbul etdirə bilir. Amma bu sanksiyalar sırf Rusiyanın bölgədəki nüfuzunu azaltmaq üçün deyil. Fikrimcə, bu, Rusiyaya bir az yaxın, bir az da uzaq olan Yaxın Şərqlə bağlı planlara hesablanıb. Amma İranın Nüvə Proqramı və ya ümumi durumu ilə bağlı Rusiyanın siyasəti nə müttəfiqlik, nə də düşmənçilikdir. Yəni Rusiya heç vaxt İranı müdafiə eləməyib. Rusiyanın İranı müdafiə mövqeyi ABŞ-ın güclənməyinə qarşı müdafiə mövqeyidir. Yəni bu, İranın güclü qalması arzusu il həyata keçirilmir. Məqsəd odur ki, ABŞ güclənməsin, onun Yaxın Şərq planları baş tutmasın. Rusiyanın İrana dəstəyi bu çərçivədədir. Amma İran özü də güclü qalacaqsa, region üzərində Rusiya ilə rəqabətə girəcəksə, Rusiya ona heç bir dəstək verməyəcək.
- Yaxın günlərdə Con Boltonun regiona və Azərbaycana səfəri oldu. Bu əhəmiyyətli səfərdən sonra ABŞ-ın Rusiya, eləcə də Cənubi Qafqaz siyasətində bir dəyişiklik olacaqmı?
- Con Bolton əhəmiyyətli bir şəxsdir. Onun bu səfəri ABŞ-ın regiona olan diqqətinin göstəricisidir. Ümumilikdə, Tramp dövründə ABŞ-ın siyasəti qeyri-müəyyənliklərlə dolu olduğuna görə, mən sadəcə o səfərdən yola çıxaraq böyük gözləntilərə qapılmağın əleyhinəyəm. Bu səfər özlüyündə çox əhəmiyyətlidir və mütləq hansısa nəticələr yaradacaq. Amma bu səfərin nə regiondakı proseslərlə bağlı, nə də ABŞ-ın buradakı gücünün artması ilə bağlı yeni nəsə yaradacağını gözləmirəm. Qafqaz ABŞ üçün önəmli bölgə olub, amma ən önəmli bölgə olmayıb. Fikrimcə, bu gün regionda ABŞ-ın təsir imkanları birinci dərəcəli deyil. Yəni regional güclərin regiondakı proseslərə təsir imkanları qlobal gücdən daha böyükdür.
- Araz bəy, bilirsiniz ki, Azərbaycan Avropanın enerji bazarında əhəmiyyətli rola malikdir. Bu proses ABŞ tərəfindən necə qarşılanır?
- ABŞ ilk vaxtdan – müstəqillik əldə olunandan sonra Azərbaycana ən çox bu istiqamət üzrə önəm verib. Yəni Azərbaycan Avropanın enerji təhlükəsizliyinə nə kimi töhfə verə bilər, enerji ehtiyatlarının ödənilməsində nə kimi rol oynaya bilər... ABŞ istehal olunmuş məhsulun beynəlxalq bazarlara nəqlində maraqlıdır. ABŞ üçün beynəlxalq bazarlar daha çox Qərb dövlətlərinin ehtyacını ödəyəcək bazarlardır. ABŞ əvvəldən bu prosesə açıq şəkildə dəstək verib. Şübhəsiz ki, enerji layihələrinin icrasında Azərbaycan rəhbərliyinin ciddi siyasi iradəsi, müəyyən risklərə qatlanması xüsusi rol oynayıb.
- Bu gün Ermənistan Qərb və Rusiya arasında ikili bir oyun oynayır. Bu oyun nəyə aparıb çıxaracaq?
- İndiki halda Ermənistanın apardığı siyasət anlaşılan deyil. Əgər Ermənistan əvvəldən müstəqil siyasət yürütməyə çalışsaydı, öz siyasətini öz maraqlarına uyğun qursaydı, bu, bir qədər anlaşılan ola bilərdi. Onun ikitərəfli oyun oynaması kənardan çox qəribə görünür. Tamamilə müstəqil ölkə olsaydı, istədiyi tərəflə istədiyi şəkildə münasibət qura bilərdi. Sadəcə olaraq, bu gün dünyada böyük güclər üçün daha əhəmiyyətli məsələlər maraqlı olduğu üçün Ermənistan bir qədər kölgədə qalıb. İrana qarşı sanksiyalar, Suriya, Yəmən və İraq məsələləri olmasaydı, bu gün Ermənistanda daha sərt Qərb-Rusiya rəqabətinə şahid olardıq və Ermənistanda olan nisbi sabitlik görüntüsü daha fərqli mənzərə ilə əvəz olunardı.
Elgün MƏNSİMOV
AzNews.az