Radikal siyasi düşərgənin təbiət hadisəsini siyasiləşdirmək cəhdi

Heç bir ölkə, o cümlədən Azərbaycan da bu kimi təbiət hadisələrindən sığortalanmayıb

Təbiət hadisəsinin qurbanına çevrilmiş şəxslərin ağrı-acıları, taleləri üzərindən "siyasət" qurmaq heç bir əxlaqi-etik çərçivələrə sığmır

Hər situasiyada hakimiyyətə qarşı öz qərəzini ortaya qoyan, əsassız yerə onu tənqid edən, hətta bunun üçün xırda bir fürsət axtaran radikal siyasi düşərgə üçün demək olar ki, göydəndüşmə bir hal yetişib. Ötən gün Şəkidə, "Xan Sarayı"nda ağacın sinması nəticəsində baş vermiş hadisə hakimiyyəti tənqid etmək üçün radikal siyasi düşərgənin əlinə şans verib. Məlumat üçün qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayının qarşısındakı çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar olub. Təxminən 20 nəfərin xəsarət aldığı hadisə birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan şəxslərə tibbi xidmət göstərilməsi, onların müalicə olunması üçün aidiyyati qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirlib.

Qeyd etdiyimiz kimi Şəkidə baş vermiş olay adi təbiət hadisəsi olsa da, lakin radikal siyasi düşərgə bundan da siyasi şou düzəldərək hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürür, onu qərəzli şəkildə günahlandırır. Radikal siyasi düşərgənin Şəki olayını siyasiləşdirmək, ondan hakimiyyətə qarşı istifadə etmək, sosial şəbəkələrdə bununla bağlı mənasız, qərəzli fikirlər səslındirməklə məşğuldur. Halbuki heç bir ölkə, o cümlədən Azərbaycan da bu kimi təbiət hadisələrindən sığortalanmayıb. Elə yaxın tariximizdə dünyanın bir sıra ölkələrində baş verən anoloji hadisələr bunun əyani sübutudur. Belə ki, elə yaşadığımız ay ərzinda Yunanistanın cənubunda qasırğa nəticəsində 6 turist öldü, 30 nəfər isə yaralandı. Yaxud, İndoneziyanın dünyaca məşhur turistik zonası olan Lombok Adasında baş vermiş 6.9 bal gücündə zəlzələ nəticəsində 91 nəfər vəfat etdi, yüzlərlə şəxs müxtəlif dərəcəli xəsarət aldı. Nəticədə turizm zonası, demək olar ki, iflic vəziyyətinə düşdü.

Eləcə də qardaş ölkə Türkiyədə turist marşrutu kimi tanınan Örencik kəndi, eyni zamanda, Narven tətil kəndi yolu kənarında yer alan böyük bir söyüd ağacı güclü küləyin təsiri sınaraq yola aşdı. İtaliyanın Siciliya adasında Etna vulkanının püskürməsi nəticəsində 10 nəfər turist müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bundan başqa Stramboli adasında vulkan püskürməsi nəticəsində 1 turist həyatını itirdi, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarət aldı. İspaniyanın məşhur turizm mərkəzi olan və dünyada turist axınının çox yüksək səviyyədə olduğu məkan kimi tanınan "Mallorca" adasında ötən ilin oktyabr ayında baş vermiş sel - daşqın nəticəsində 5 nəfər həyatını itirdi, 15 turist isə itkin düşdü. Yaxud Antalyanın Alanya bölgəsində turistlərin məskunlaşdığı oteldə yanğın baş verdi. Hadisə ciddi reaksiya doğurdu.

Göründüyü kimi, onlarla belə hadisə sadalamaq mümkündür və qeyd etdiyimiz kimi heç bir ölkə təbiət hadisəsindən sığortalanmayıb. Ancaq radikal siyasi düşərgə təbiət hadisəsindən dolayı baş vermiş hər hansı bir olayı da məhz hakimiyyətin uğursuz siyasəti kimi təqdim etməyə, cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışır.

Radikal siyasi düşərgənin bu cəhdi və hakimiyyətə qarşı qərəzi cəmiyyətdə birmənalı olaraq etirazla qarşılanır.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, hər il dünyanda on minlərlə insan ağacların kökündən qopmasının və ya budaqlarının qırılmasının qurbanı olur. Onun sözlərinə görə, Ukraynada yalnız bir il ərzində Odessa, Kiyevdə və digər şəhərlərdə ağacın kökündən və ya budağından qopması nəticəsində bir neçə insan, o cümlədən uşaqlar həlak olub: "Onlarla avtomobil və tikiliyə ziyan dəyib. Moskvada bir gündə 11 nəfər qasırğa zamanı ağacların qırılması nəticəsində həlak olub. Birləşmiş Ştatlar isə bu sarıdan rekordsmenlər sırasındadır. Yalnız son iki gündə Luizianada yüzlərlə ağac qırılıb". Sahib Məmmədov deyib ki, Birləşmiş Ştatlarda hər il ağac aşmasından orta hesabla 100 nəfər həyatını itirir: "Minlərlə insan isə yüngül, orta və ağır xəsarət alır. Dünya üzrə bu göstəricilər beşrəqəmlidir. Ötən gün Şəki şəhərində Çinarın budağının qopması nəticəsində bədbəxt hadisə baş verib. Təssüf ki, 4 nəfər orta və ağır, daha 14 nəfər yüngül xəsarətlər alıblar. Allah hamısına şəfa versin. Amma ağac qırılmasından da bəhrələnmək istəyənlər tapıldı. Deletant yazılarla doludur sosial şəbəkələr". QHT sədri onu da qeyd edib ki, yol kənarlarında, binaların qarşısında, ümumiyyətlə insan üçün təhlükə yarana biləcək yerlərdə ağacların davamlı olmasının yoxlanma üsulları var: "Ağacların yıxılma və qırılma ehtimalı olmasının əlamətləri çoxdur. Məsələn, quru budaqların olması. Yaxud çatlamış və qırılmış budaqların olması, əsas gövdədə çürük şıramın mövcudluğu, uzun illər küləyin təsiri nəticəsində ağacın gövdəsində meyillilik əmələ gəlməsi və s. Şəkidəki çinarlarda bu əlamətlərin heç biri yoxdur. Heç zaman da iri budaqlarında qopmalar olmayıb. Hər il on minlərlə ağac yıxılır dünyada. Hansılar ki, kövrək deyildi və həm kökü həm gövdəsi, həm də budaqları möhkəm idi". Sahib Məmmədovun sözlərinə görə, Şəkidə baş verən hadisə fakti ilə bağlı yəqin ki, cinayət işi başlanılıb: "Amma bəziləri artıq "istintaqı" başa çatdırıb, məhkəmə keçirmədən "hökm" də veriblər".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da deyib ki, təbiət hadisələrinə siyasi don geyindirmək də məhz bizim Azərbaycanda rast gəlinən əcaibliklərdən biridir: "Ağacla siyasətin, siyasi mübarizənin nə əlaqəsi? Ötən gün qədim Şəki şəhərində, Xan Sarayının həyətində 500 ilə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin nəticəsində xəsarət alanların, yaralananların olmasında necə deyərlər, "isti" izlərlə siyasi motivlər axtaranlar da tapıldı. Müxalif yönümlü bəzi şəxslərin sosial şəbəkələrdəki paylaşımlarında ötən gün baş vermiş bədbəxt hadisəyə görə sanki gizli bir sevinc hiss olunur. Bu şəxslər elə bil qapalı bir məkanın içərisində ətraf aləmdən təcrid olunmuş şəkildə yaşayırlar. Qəsdən özlərini dünyanın müxtəlif guşələrində tez-tez baş verən təbii fəlakətlər, texnogen qəzalar haqda heç bir təsəvvürləri olmayan şəxs kimi aparırlar. Maraqlıdır, görəsən, onlar qasırğaların, sunamilərin, zəlzələlərin, sel və daşqınların intensiv baş verdiyi ölkələrdə yaşasaydılar, onda neyləyərdilər? Bəs insanlıq, humanizm, şəfqət hissləri harda qaldı? Axı təbiət hadisəsinin qurbanına çevrilmiş şəxslərin ağrı-acıları, taleləri üzərindən "siyasət" qurmaq heç bir əxlaqi-etik çərçivələrə sığmır. İqtidara qarşı hər cürə vasitələri məqbul hesab edən və hətta təsadüfi qəza nəticəsində yıxılan ağaclara da ümid yeri kimi, növbəti fürsət kimi baxan insancıqlara həqiqətən də yazığım gəlir.

"Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov da Şəkidə baş verən təbiət hadisəsini siyasiləşdirməyə cəhd göstərən radikal siyasi düşərgəni tənqid edib, sosial şəbəkələrdə bu barədə yazılan qərəzli fikirləri pisləyib: "Şəki Xan sarayında baş verən hadisəyə görə çox üzüldüm. Yaralananlara Allahdan şəfa diləyirəm. Şükürlər olsun ki, itkisiz ötüşdük. Onu da deyim ki, heç bir dövlət, heç kəs təbiətin sərt davranışlarından sığortalanmayıb. Hətta ən böyük dövlətlər belə təbiət anomaliyaları qarşısında aciz qalır. Misal olaraq ötən il Amerikanın Kaliforniya ştatında vaş verən yanğınları göstərmək olar. Amma təəssüflər olsun belə hadisələrdən öz çirkin siyası məqsədləri üçün istifadə edənlər də az deyil".(olaylar.az)

AzNews.az