Qənimət Zahidin YAP-çı informatoru deşifrə olundu - FOTOFAKT

Nazim Bəydəmirlinin “Turan TV”-yə göndərdiyi məlumatlar Azərbaycan hakimiyyətinə qara yaxmaq üçün istifadə edilir

Məlum olduğu kimi, 2 saylı Vəkil bürosunun vəkili Vüqar Poladov Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunur.

Onun barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Vəkillər Kollegiyası isə bildirilib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.

Təxminən iki həftə əvvəl isə Vüqar Poladov barədə KİV-də müxtəlif məlumatlar yayılmışdı. Qeyd olunurdu ki, daha öncə Ədliyyə Nazirliyinin İcra Baş baş məsləhətçisi olan Vüqar Poladov Qənimət Zahidin həbsi zamanı onu qandallayan şəxs olub. Onun dilindən yazılırdı:

“Qənimət Zahidi və Eynulla Fətullayevi də mən tutmuşam. Onların qoluna qandalı da mən vurmuşam. Qənimət də günahımdan keçib. Bunu sizə Əli Kərimli deyə bilər yalnız. Bu incəlikləri o bilir. Qənimətin qoluna qandalı Yasamal rayon Məhkəməsində vurmuşam”.

Qeyd etdiyimiz kimi, həmin məlumatlar az qala iki həftə öncə yayılsa da, Qənimət Zahid deyilənlərdən ancaq bu gün xəbər tutub və vəkil Vuqar Poladovun şəklini paylaşaraq ona rişxənd edib. Maraqlı budur ki, həmin şəkilə keçmiş deputat, hazırda YAP üzvü olub-olmaması dəqiq bilinməyən, Xədicə İsmayıl ilə doğmalıqları isə heç kimə sirr olmayan Nazim Bəydəmirlinin adı etiketlənib. Nazim Bəydəmirli Qənimət Zahidin həmin paylaşımına rəy yazaraq etiketlənməni “Feysbukun onu təsadüfən Poladova oxşatması ilə” izah edib.

Lakin sosial media menecerləri hesab edirlər ki, bu, heç də təsadüf və texniki məsələ deyil: “Görünür, Nazim Bəydəmirli ilə Qənimət Zahid Facebook messencer proqramı ilə tez-tez ünsiyyətdə olurlar”.

Bu ehtimalı Nazim Bəydəmirliyə kifayət qədər yaxın olan jurnalistlərdən biri də adının çəkilməməsini xahiş edərək AzNews.az-a təsdiqləyib:

“Bəli, Nazim Bəydəmirlinin Qənimət Zahidlə yaxşı münasibətləri var, tez-tez Facebook və Whatsapp vasitəsi ilə danışır, müzakirələr aparırlar. Burada nə var ki?”

AzNews.az portalı “burada nə var ki” sualına da cavab tapmağa çalışıb. Bir neçə qaynaqdan əməkdaşımıza bildiriblər ki, Qənimət Zahidin Azərbaycandakı informatorlarından biri məhz Nazim Bəydəmirlidir: “O, ayrı-ayrı məmurlar, vəzifəli şəxslər və iş adamları haqqında məlumatlar toplayır və topladığı məlumatları Qənimət Zahidə ötürür. Qənimət Zahid isə öz verilişində həmin məlumatlardan Azərbaycan siyasi hakimiyyətinə və hakim komandaya qarşı əks təbliğat aparmaq üçün istifadə edir”.

Qaynaqlar hazırda İranda biznesi olan Nazim Bəydəmirlinin həmin ölkənin xüsusi xidmət orqanlarının tapşırığı ilə müxalifətə maddi yardım etməsini də istisna etmirlər: “Bu yaxınlarda Ukraynadakı diaspor təşkilatlarından birinin rəhbəri olan Daşqın Gülmməmmədov Nazim Bəydəmirlinin İran xüsusi xidmət orqanları ilə əlaqələrinin araşdırılmasının vacibliyini vurğulamışdı. Bu, olduqca ciddi məqamdır. Çünki İran elə dövlətdir ki, xüsusi xidmət orqanlarının süzgəcindən keçməyən heç kim orada bizneslə məşğul ola bilməz. Qənimət Zahidin İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq faktı isə hər kəsə məlumdur. Odur ki, hər iki şəxsin birgə fəaliyyəti vahid mərkəzdən idarə oluna bilər”.

AzNews.az