AXCP üzvləri Əli Kərimliyə inanmırlar - Taleh Şahsuvarlı yazır

(Müxalifət düşərgəsində etimadsızlıq sindromunun bəzi etik aspektləri)

Siyasət nədir?

Gəlin, minlərlə tərifi, on minlərlə araşdırmanı, yüz minlərlə tarix və politologiya kitabını bir qırağa qoyaq, mümkün qədər, hər kəsin anlayacağı bir şəkildə, loru dildə danışaq.

Siyasət- çözüm istehsal etmək, ideya irəli sürmək, kütlələri həmin ideyalar ətrafında cəmləşdirmək və nəhayət, onları gerçəkləşdirmək sənətidir.

Bir siyasi partiyanın ən önəmli xüsusiyyəti onun üzvlərinin hər hansı bir məsələyə münasibətdə ortaq zehniyyət nümayiş etdirməsi, çoxsaylı fakt və arqumentlər qarşısında ümumi nəticələr hasil edərək ictimai dalğaya çevrilməsidir.

Siyasət inam işidir.

Bir inama sahib olmaq fərddən informativ baxımdan müəyyən prosesdən keçməyi tələb edir. İnsanların kimə, nəyə və nə qədər inanmaqları məhz bu prosesdən asılıdır.

Təməlində inam dayanan bütün yanaşmalar enində-sonunda əxlaqa istinad edir və əxlaqı yaradan dəyərlər həm də məsuliyyətə səbəb olur. Əxlaqi dəyərlərə söykənən və məsuliyyət hissi ilə müşayiət olunan arzu və gözləntilər TENDENSİYA ortaya çıxarır.

Tendensiya- arzu və gözləntilərə uyğun olaraq verilən qərarların məcmusudur.

İstənilən siyasi tendensiya üçün iki önəmli anlayış var: 1) DOĞRULAR 2) YAXŞILAR!

Siyasi tendensiyaları həmin prosesin içində, yaxud xaricində olanlar məhz bu anlayışlar çərçivəsində mühakimə edir və dəyərləndirirlər. Tendensiyanı yaradanlar duyğulardan çıxış edə bilərlər, bu, təbii və qaçılmazdır, ancaq həmin fəaliyyəti kənardan izləyənlər üçün həm “doğru”lar, həm də “yaxşı”lar bir-birindən fərqli parametrlərlə malikdir. Fəlsəfəyə varsaq, Kantın “maxim”ləri bizə doğru, Humun “tərəfsiz müşahidəçisi” yaxşı fəaliyyətin dəyərləndirilməsi üçün ölçülər təqdim edir.

Bu qısa izahatdan sonra təklif edirəm ki, Azərbaycanda bəzi müxalifət partiyalarının tez-tez istifadə etdiyi bir fəndi nəzərdən keçirək. Hamınız yaxşı bilirsiniz, bu ölkədə hansı müxalif partiyanın hansısa sarsaq bir üzvünün yanından yüngülvari yel ötən kimi “iqtidar bizdən qorxur” bəyanatları səsləndirilir. Yadınızdadırsa, bu “fənd”dən bir müddət “Real”ın sədri İlqar Məmmədov üçün istifadə edildi. Artıq İlqar Məmmədov xeyli müddətdir azadlıqdadır, məhbəsdən çıxandan sonra hakimiyyətin “beyin mərkəzi”ni heç 10 dəqiqə də məşğul edəcək hər hansı fəaliyyəti ilə diqqət çəkməyib. Üstəlik, daha əvvəlki dönəmdə aparılan “vahimə təbliğatı” hazırda İlqar Məmmədovun öz əleyhinə işləyir, onun qeyri-ciddi siyasətçi obrazının dərinləşməsinə rəvac verir.

Bu ilin əvvəllərində, daha dəqiq desək, yanvar ayının 19-da müxalifət bütün inkanlarını səfərbər edib “Məhsul” stadionunda bir mitinq keçirdi. Həmin aksiya, bəli, daha öncəki tədbirlərlə müqayisədə daha kütləvi idi, amma riyazi hesablamaları şübhə altına salaraq on minlərlə etirazçıdan danışmağın yeri yox idi. Bununla belə, süni şəkildə müxalifət düşərgəsində eyforiya yaratmış Milli Şura prezident İlham Əliyevin verdiyi bütün sərəncamları həmin aksiyadan sonra hakimiyyətin əndişə keçirməsinə bağlayırdı. İndi az qalıb il tamam ola, prezident Əliyev yenə xalqın sosial vəziyyətinin, güzəranının, rifahının yaxşılaşmasına xidmət edən qərarlar qəbul edir, bütün bunları həmin aksiya ilə əlaqələndirməyə kimsə xırdaca cəhd belə göstərmir. Əksinə, bir daha hər kəsə aydın olur ki, müxalifətin bir arada və ya ayrılıqda göstərdiyi hər hansı fəalliyyət dövlət başçısının addımları üçün səbəb-nəticə amili kimi çıxış etmir. Ancaq görünür, reallıq hissini itirmiş, bundan daha çox isə demoqogiya həvəsinə yenik düşmüş Aslan İsmayılov kod adlı şəxs Gültəkin Hacıbəyli sayaq virtual qeybət aludəçilərinin yolunu gedərək az qala hər həftə hakimiyyətin onun səhifəsini poliqona çevirmiş xarici xüsusi xidmət orqanlarının trollarından qorxduğunu dilə gətirir. Bu sosial şəbəkə qrafomanı sadəcə olaraq onu anlamaq istəmir ki, bütün ömrü boyu özünə bircə ciddi həmfikir formalaşdıra bilməmiş bir narsisist psixopatdan hakimiyyət niyə çəkinməli, nədə ehtiyyat etməlidir?

Artıq 19 ildir ki, eks prezident Əbülfəz Elçibəy həyatda yoxdur. Əbülfəz Elçibəy dünyasını dəyişən ərəfədə AXCP parçalanmış, eks prezidenti özünə lider sayanlar Əli Kərimlidən rəsmən uzaqlaşmışdılar. Həmin hadisələr zamanı Əli Kərimlinin liderliyini qəbul edən xeyli tanınmış AXCP üzvü və funksioneri də sonrakı dönəmlərdə fərqli siyasi xətt seçdilər. Bütün bunlar Əli Kərimlinin siyasi lider kimi perspektivinə sarsıdıcı zərbələr idi, lakin onun üçün bir müsbət tərəfi də vardı. AXCP-də Əli Kərimli ilə sədr postu uğrunda yarışa biləcək kimsə qalmamışdı və bu alternativsizlik Əli Kərimlinin istər bir siyasətçi, istərsə də lider kimi öz potensialını tam ortaya qoya bilməsi üçün əlverişli şərait yaradırdı.

Xatırlamağa çalışaq.

Ötən 19 ildə Əli Kərimli öz partiyasında Azərbaycan siyasəti üçün “pozitiv” xarakterizə ediləcək “ortaq zehin”, təqdirəlayiq əxlaqi münasibətlər sistemi formalaşdıra bilibmi?

Əli Kərimlini “lider” kimi qəbul edib AXCP-yə üzv olanlar cəmiyyət üçün, dövlət üçün faydalı hansı siyasi-ideoloji informasiyalaşdırma prosesindən keçiblər, siyasi sosiallaşma mühiti görüblər?

Əli Kərimli bir partiya sədri kimi son 19 ildə hansı tendensiya yaradıb, hansı doğrulardan çıxış edib, hansı yaxşılara istinad edib?

Əli Kərimli bir partiya sədri olaraq öz təşkilatındakı keçmiş fəaliiyyəti ilə hələ də üzləşə bilmirsə, doğruları eşitməkdən qaçıbsa, yaxşıları yarada biləcək dəyərlərdən üz döndəribsə, onun nəinki cəmiyətdə, hətta öz partiyasında belə şəxsinə inam yaratması, siyasi rəqabətdə etimad amilinə söykənməsi mümkün deyil.

Odur ki, əminliklə söyləyirəm, hazırda AXCP üzvü olanların çox böyük əksəriyyəti Əli Kərimliyə inanmır, ona bir siyasi lider olaraq etimad göstərmir. Bu gün AXCP üzvü olanların, özünü Əli Kərimlinin ən qatı tərəfdarı kimi göstərməyə çalışanların xeyli hissəsi potensial Əbülfəz Qurbanlıdırlar.

Yuxarıda qoyulan suallar həm də hazırda AXCP-yə meyil edənlərin əxlaqi-psixoloji keyfiyyətlərini proqnozlaşdırmağa yardımçı olur. Bu partiyanın üzv və tərəfdarları tez-tez məişətdəki problemləri, kriminal hadisələrdə iştirakları, mühacir biznesi və maliyyə fırıldaqları ilə gündəmə gəlirlərsə, deməli, bir sosial qrup olaraq AXCP-nin çox ciddi tərkib və o tərkibdə liderlik sorunu var.

Liderlik problemi isə həm də ondadır ki, Əli Kərimli partiya üzvlərini siyasi rəqabətin digər iştirakçılarının hər birinə qarşı radikallaşdırır və öz ətrafına radikallaşmaya meyilli insanları toplamağa çalışdığı üçün, Ərdoğanın təbirincə desək, “çapulçu”lara partiya bileti verir.

Partiya bileti isə heç kimə hüquq qarşısında toxunulmazlıq immuniteti yaratmır...

Taleh Şahsuvarlı

AzNews.az