Deputatlığa namizədliyi qeydə alınan AVP-çilərin sayı 11-ə çatıb Deputatlığa namizədliyi qeydə alınan AVP-çilərin sayı 11-ə çatıb

Fəzail Ağamalının 2 müavini seçkidən çəkildi

Deputatlığa namizədliyi qeydə alınan AVP-çilərin sayı 11-ə çatıb

Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının (AVP) namizədlərindən daha biri deputatlığa namizəd olub.

Bu, AVP sədrinin müavini Yalçın Hacızadədir.

Onun namizədliyi 66 saylı Biləsuvar Seçki Dairəsindən irəli sürülüb və 66 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən təsdiqlənib.

Bununla da deputatlığa namizədliyi qeydə alınan AVP-çilərin sayı 11-ə çatıb.

Qeyd edək ki, həmin dairəni hazırda parlamentdə 5 dəfə millət vəkili olan professor Xanhüseyn Kazımlı təmsil edir.

Lakin X. Kazımlı bu dəfə seçkilərə qatılmayıb.

Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəlalə Şahbazovanın namizədliyini irəli sürüb.

Onun da namizədliyi qeydə alınıb.

Eyni zamanda, AVP-nin tanınmış simalarından olan partiya sədrinin müavini-sabiq maliyyə naziri, professor Fikrət Yusifov seçkilərdə iştirakdan kənara çəkilib.

Onun namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

İmza vərəqələrini götürsə də, sabiq maliyyə naziri son anda seçkilərdə iştirakdan imtina edib.

Xatırladaq ki, YAP həmin dairədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini verib.

O da qeydə alınıb.

Həmçinin, qeyd edək ki, F. Yusifov 1992-ci ilin oktyabr ayında maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Maliyyə naziri vəzifəsində işləyib.

***

AVP-dən daha bir tanınmışın-sədr müavini Arzuman Abdulkərimovun da seçkilərdə iştirakdan geri çəkildiyi məlum olub.

Onun namizədliyi 107 saylı Qazax Seçki Dairəsindən verilsə də, hətta, adıçəkilən şəxs tərəfindən imza vərəqələri götürülsə də, sonda o da seçkilərdə iştirakdan geri çəkilmək qərarı verib.

Qeyd edək ki, həmin dairəni hazırda millət vəkili Kamran Nəbizadə təmsil edir.

Amma K. Nəbizadə ikinci dəfə seçkilərə qatılmayıb.

YAP isə həmin dairdən nüfuzlu simalarından olan millət vəkili, professor Səməd Seyidovun namizədliyini irəli sürüb. (etiketxeber.az)

AzNews.az